Accessibility links

Macarıstan Avropa İttifaqının Ukraynaya yardım paketini bloklayıb


Avropa İttifaqının cümə axşamı Ukraynanın təşkilata üzvlüyü ilə bağlı danışıqlara başlamağa razı olmasından sonra, Macarıstan cümə günü Avropa İttifaqının çətin vəziyyətdə olan bu ölkəyə maliyyə yardımı paketini bloklayıb.

Macarıstan baş naziri Viktor Orban yardım paketini əngəlləmək üçün vetosundan istifadə edib, ancaq Avropa Şurasının sədri Şarl Mişel Avropa İttifaqının 27 üzv ölkəsindən 26-sının Ukraynanın təcili olaraq Rusiyanın işğalını dəf etməsi üçün bu ölkəyə 54 milyard dollarlıq maliyyə yardımı paketi ilə bağlı razılığa gəldiyini bildirib.

Mişel İsveçin yardım paketi barədə parlamenti ilə məsləhətləşməli olduğunu, lakin bu addımın İsveç üçün standart prosedur olduğunu deyib.

Mişel bildirib ki, Avropa İttifaqı gələn ilin əvvəlində Ukrayna üçün büdcə ilə bağlı "yekdillik əldə etməyə çalışacaq".

Macarıstan liderinin Ukrayna ilə danışıqlara qoyduğu maneələrə baxmayaraq, Mişel "Bu, tarixi bir məqamdır, tarixi Avropa Şurasıdır" deyib.

Orban bir neçə həftədir Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı olduğunu və buna veto qoyacağını bildirib.

Lakin o, Ukraynanın Avropa İttifaqına üzvlüyünə veto hüququndan istifadə etməyib. Əvəzində onun Brüsseldə üzvlüklə bağlı səsvermə zamanı otağı tərk edərək, blokun digər 26 üzvünün yekdil qərar qəbul etməsinə imkan verdiyi bildirilib.

Belçikanın baş naziri Aleksandr De Kru Orbanın "onu əsaslandıra bilməyəcəyini anladığı üçün" vetosundan istifadə etmədiyini deyib.

Prezident Volodimir Zelenski açıqlamadan sonra deyib ki, Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar "Ukrayna üçün qələbədir. Bu, bütün Avropa üçün qələbədir."

Zelenskinin qələbəsi onun yaxın zaman Vaşinqtona səfəri zamanı ABŞ qanunvericilərini Ukraynanın Rusiyaya qarşı mübarizəsi üçün əlavə vəsait ayırmağa inandıra bilməməsindən sonraya təsadüf edib.

Bununla belə, Zelenski gündəlik müraciətində Skandinaviya ölkələrinin 1,4 milyard dollardan çox yardım paketi vəd etdiyini bildirib.

Forum

XS
SM
MD
LG