BMT rəsmiləri şənbə günü bildirib ki, Yəmənin Husi üsyançıları Hudeydə limanından geri çəkilməyə başlayıb.
Yəmən üçün çox mühüm olan Hudeydənin nəzarətinin təhvil verilməsi bu ayın əvvəlində İsveçdə BMT-nin vasitəçiliyi ilə imzalanan razılığın bir hissəsidir.
Həmin razılığa daxil edilən bir sıra tədbirlər Yəməndə dörd ildir davam edən vətəndaş müharibəsinə son qoya bilər. Bu münaqişədə İranın dəstəklədiyi Husilər Səudiyənin başçılıq etdiyi koalisiyanın dəstəklədiyi Yəmən höküməti ilə mübarizə aparır.
Husi üsyançıları hər iki tərəf Hudeydədə bir həftə davam edən atəşkəsə əməl edəndən sonra limandan geri çəkilməyə başlayıb. Hudeydə limanı aclıq astanasında olan təxminən 14 milyon yəmənli üçün yardımın daxil olduğu əsas giriş nöqtəsidir. BMT bildirib ki, müharibənin vətəndaşlara təsirləri dünyanın ən pis humanitar fəlakətinə gətirib çıxarıb.
Təqaüdə çıxmış hollandiyalı general mayor Patrik Kammaertin başçılıq etdiyi BMT komandası atəşkəsə nəzarət etmək üçün ötən ay şəhərə yola düşüb.
Son beş ildə sülh səylərinin ən böyük nailiyyəti hesab edilən bu razılıq Husilərin Səlif və Rass İssa limanlarından da çıxmasına çağırır.
Üsyançıların nə qədər geri çəkiləcəkləri və limanlara kimin nəzarət edəcəyi bəlli deyil.