Accessibility links

Yəməndə hava hücumu nəticəsində iki husi lider ölüb


Səudiyyə Ərəbistanının dövlət mediası şənbə bildirib ki, krallığın başçılığı ilə Yəmən paytaxtında şiə üsyançıların yüksək-səviyyəli görüşünü hədəf alan hava hücumu nəticəsində qrupun iki lideri və onlarla yarı-hərbi dəstə üzvü ölüb. Husi adı ilə tanınan şiə qiyamçılar hücumun olduğunu təsdiqləməyib.

Bu xəbər Səudiyyə Ərəbistanının dövlət televiziyasında yayılıb. Xəbərdə bildirilir ki, cümə günü həyata keçirilən hücumda iki lider daxil olmaqla, 50-dən çox yarı-hərbi dəstə üzvü öldürülüb. Təfərrüatları isə verilməyib.

Daha sonra Dubayda fəaliyyət göstətən və böyük payının Səudiyyə Ərəbistanına aid olduğu güman edilən peyk xəbər şəbəkəsi Al-Arabiya hücumla bağlı daha ətraflı məlumat bölüşüb.

Al-Arabiya, məlumatı aldığı mənbəni qeyd etmədən bildirib ki, hücumda qiyamçıların nəzarət etdiyi paytaxtda Yəmənin Daxili İşlər Nazirliyinin binası hədəf alınıb. Həmin məlumatda iki lider daxil olmaqla, 38 husi döyüşçüsünün öldürüldüyü bildirilib.

Husilərin idarə etdiyi peyk xəbər kanalı Al-Masirah husi liderlərinin daha öncə Səudiyyə Ərəbistanın hava hücumu nəticəsində ölən husi siyasi lider Saleh əl Səmmədin dəfnini müzakirə etmək üçün cümə günü görüş keçirdiklərini təsdiqləyib. Lakin kanal cümə günü Sənada həyata keçirilən hava hücumunda mülki vətəndaşların yaralandığı ilə bağlı xəbər verib.

Yəməndə üç ildir davam edən müharibə nəticəsində 10 mindən çox insan ölüb, 2 milyon insan didərgin düşüb və Ərəb dünyasının ən yoxsul ölkəsində viranedici vəba epidemiyası yayılıb. Müharibə husilər Sənadan cənuba doğru hücumlar həyata keçirəndən sonra başladı. Bunun ardından Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya ölkənin beynəlxalq icitmaiyyət tərəfindən tanınan hökümətinin adından Yəmənə hərbi müdaxilə etdi.

Səudiyyənin dağıdıcı hava hücumlarına dəfələrlə marketlər, tibbi müəssisələr və mülki hədəflər tuş gəlib. Bu isə beynəlxalq qınaqlara səbəb olub. BMT idarələri və insan haqları qruplarının verdiyi məlumata görə, koalisiyanın husilərin nəzarətində olan limanları bloklaması nəticəsində ölkədə aclıq yaranıb.

Bu arada isə İranın dəstəklədiyi husilər ərazidə mülki vətəndaşların ölümünə səbəb olan minalar yerləşdirdiyinə, humanitar yardımını özlərinə götürdüklərinə və düşmənlərinin kütləvi şəkildə öldürdüklərinə görə qınaqlarla üzləşir.

XS
SM
MD
LG