Accessibility links

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı hüquq müdafiəçinin səhhətindən narahatdır


Elçin Məmməd

Hüquq müdafiəçilərinin müdafiəsi üzrə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) Azərbaycan hakimiyyətinə petisiya hazırlayıb.

Petisiyada həbsdə saxlanılan fəal və jurnalist Elçin Məmmədin müalicəsinin təmin edilməsinə və onun həbsdən buraxılmasına çağırılır.

Müraciətdə qeyd edildiyi kimi, Elçin Məmməd Penitensiar Xidmətin 14 saylı koloniyasında saxlanılır və ona adekvat tibbi yardım göstərilmədiyindən səhhəti kəskin şəkildə pisləşib. Ailə üzvləri bildiriblər ki, onun təcili xəstəxanaya yerləşdirilməsinə ehtiyac var, çünki həbsdə saxlanıldığı müddətdə çox çəki itirib, ayaqları şişib.

"O, hepatit C xəstəsidir, Azərbaycanda həbsxanalar dolu olduğundan onun vəziyyəti xüsusi narahatlıq doğurur və Covid-19-a yoluxma riski yüksəkdir", petisiyada deyilir.

Təşkilat xatırladır ki, 30 mart 2020-ci ildə polis Elçin Məmmədi Sumqayıtda yaşadığı evdə həbs edib. Bu, onun Azərbaycanda insan hüquqlarının vəziyyəti haqda kritik hesabatı İnternetdə dərc etməsindən bir neçə gün sonra baş verib.

Onu zərgərlik məmulatları və silah-sursat saxlamaqda günahlandırıblar. 14 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədi dörd il müddətinə azadlıqdan məhrum edib.

"Lakin hökmün çıxarıldığı şərait belə güman etməyə imkan verir ki, Elçin Məmməd ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilib. Ona qarşı sübutlar saxtalaşdırılıb", məlumatda deyilir.

Təşkilat Elçin Məmmədin səhhətindən son dərəcə narahat olduğunu bildirir və Azərbaycan hakimiyyətini onu dərhal və qeyd-şərtsiz azad etməyə, ona adekvat tibbi yardım və müalicə imkanları yaratmağa çağırır.

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı aşağıdakı çağırışlarla Azərbaycan prezidentinə, ölkənin baş prokuroruna, xarici işlər nazirinə, ədliyyə nazirinə, həmçinin Azərbaycanın Cenevrədə Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyinə elektron məktub göndərməyi xahiş edir:

- Elçin Məmmədin fiziki toxunulmazlığına və psixoloji rifahına təminat vermək və dərhal ona lazımi tibbi yardım imkanları yaratmaq;

- Elçin Məmmədi, həmçinin ölkədə özbaşına saxlanılan bütün hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etmək;

- Elçin Məmmədə, həmçinin Azərbaycanda bütün hüquq müdafiəçilərinə qarşı təqiblərin bütün formalarına, o cümlədən məhkəmə səviyyəsində təqiblərə son qoymaq.

Bundan öncə Amnesty International, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyib, yerli hüquq müdafiəçiləri isə onu siyasi məhbus kimi tanıyıb.

Hüquq müdafiəçilərinin müdafiəsi üzrə Observatoriya İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının və Beynəlxalq İnsan Hüquqları Federasiyasının birgə proqramıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG