ABŞ-ın dəstəklədiyi qüvvələr Suriyada özünü xilafət elan edən İŞİD-in nəzarətində olan son bölgəni ələ keçirmək üçün terrorçu qrupun qalan üzvlərinə doğru irəliləyir.
Hücum barədə Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustafa Bali Twitter hesabında məlumat yayıb.
“Minlərlə mülki vətəndaşın evakusiyasından sonra İŞİD-in son istehkamına qarşı əməliyyat başladı” , Bali yazıb.
Lakin ABŞ-ın başçılıq etdiyi koalisiya əməliyyatın nə dərəcədə uğurlu olduğu barədə dəyərləndirmə olmadığı üçün məlumat vermək üçün tez olduğunu bildirib.
SDQ və koalisiya rəsmiləri bir həftə əvvəl Bağuz bölgəsində 300-ə yaxın yaraqlının və bir neçə min dinc sakinin qaldığını bildirmişdi. Lakin son həftə bölgəni 13 mindən çox insan tərk edib.
Tunellərin insanlarla dolu olduğu bildirilir.
İŞİD yaraqlılarının əlində çox az sahə qalmasına baxmayaraq, qrup insanlardan canlı qalxan kimi istifadə etməklə yanaşı, mağaralardan koalisiya qüvvələrinə qarşı hücumlara keçib.
Yekun hücum ABŞ prezidenti Donald Trampın Amerika əsgərlərinə İŞİD xilafətinin məhv edildiyi deməsindən bir gün sonraya təsadüf edir.