Accessibility links

İŞİD qurbanları Bağdadinin ölümündən məmnundur, lakin mübarizə bitməyib


İslam Dövlət militantlarının əlindən qurtulmuş yəzidi oğlanı qohumları qucaqlayır. Duhok, İraq, 2 mart, 2019.
İslam Dövlət militantlarının əlindən qurtulmuş yəzidi oğlanı qohumları qucaqlayır. Duhok, İraq, 2 mart, 2019.

İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ölümü terrorizmlə mübarizənin başa çatdığı demək deyil. 2015-ci ildə Parisdə İŞİD-in həyata keçirdiyi hücum zamanı 28 yaşlı qızını itirən Corc Salines hesab edir ki, onun məhkəmə qarşısına çıxarılması daha yaxşı olardı.

Bağdadi tərəfdarlarını dünyada hücumlar törətməyə təşviq edirdi. O, internet vasitəsi ilə opponentlərinin qətliamına, başlarının kəsilməsinə, daşa basılmasına, qadınların əsir götürülməsinə çağırırdı.

Prezident Donald Tramp bazar günü səhər Ağ Evdə keçirdiyi mətbuat konfransında İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ hərbi qüvvələrinin Suriyada xüsusi əməliyyatı nəticəsində öldürüldüyünü təsdiq edib.

Corc Salines
Corc Salines

ABŞ prezidenti əməliyyatın detalları haqda açıqlamalar verib.

“Ötən gecə Birləşmiş Ştatlar dünyada bir nömrəli terrorçu lider üzərində ədaləti bərqərar etdi. Bağdadi ABŞ hərbi qüvvələrinin Suriyanın şimal-qərbində keçirdiyi əməliyyatı nəticəsində öldürülüb ” - deyə, Tramp elan edib.

“Əməliyyat zamanı heç bir hərbçi ölməyib” - deyə, ABŞ prezidenti bildirib.

İŞİD 2014 və 2015-ci illərdə Suriyada 20-dən artıq qərblini girov götürüb, işgəncələrə məruz qoyub. Qrup ABŞ, Britaniya və Yaponiyadan 7 jurnalistin başını kəsib.

Birləşmiş Ştatlar 2016-cı ildə Bağdadinin ələ keçirilməsinə kömək göstərə bilən informasiyaya 25 milyon dollar məbləğində mükafat elan etmişdi. Belə yüksək mükafat bundan başqa yalnız Əl-Qaidə lideri Ayman Əl-Zəvahiri üçün vəd edilib.

İŞİD-in məsuliyyətini daşıdığı Paris hücumları stadion, kafelər və konsert mərkəzində 130 nəfərin ölümünə səbəb olmuşdu.

Ölənlər arasında olan 30 yaşlı Duperronun atası Filipp Bağdadinin ölümü barədə xəbəri "yaxşı" adlandırıb. Hazırda “13onze15” qurbanlar assosiasiyasına rəhbərlik edən Filipp İŞİD-in əsas oyunçularından birinin yox olduğunu deyib.

Paris hücumları ilə bağlı məhkəmə prosesi 2021-ci ildə başlamalıdır. Prokurorluq istintaqın başa çatdığını və 1740 şikayətçinin prosesə qatıldığını bəyan edib. Sağ qalan yeganə hücumçu Salah Əbdesalam da daxil olmaqla,14 nəfərə qarşı ittiham irəli sürüləcək.

İŞİD 2016-cı ilin mart ayında Brüssel hava limanı və metro stansiyasında həyata keçirilən və 32 insan həyatına son qoyan intihar hücumlarının da məsuliyyətini daşıyır.

Hava limanında bacısını itirən Filipp Vansteenkiste “V-Europe” assosiyasına rəhbərlik edir. O hesab edir ki, mübarizə hələ başa çatmayıb.

İŞİD-in hücumlarında həlak olan amerikalı yəhudi jurnalist Stiven Sotloffun ailəsi prezident Tramp və ABŞ qüvvələrinə reydə görə təşəkkürünü bildirib.

“İslam Dövləti” yaraqlıları 2014 və 2015-ci illərdə Suriyada 20-dən artıq qərblini girov götürüb, işgəncələrə məruz qoyub. Qrup ABŞ, Britaniya və Yaponiyadan 7 jurnalistin başını kəsib. Sotloff da onlar arasında olub.

Pilot oğlu militantlar tərəfindən diri-diri yandırılmış iordaniyalı Safi Kasasbeh "virus" adlandırdığı Bağdadinin ölümünü sevindirici hal kimi qiymətləndirib. İordaniya hava Qüvvələrinin pilotu Muat əl-Kasasbehin qırıcı təyyarəsi Raqqada yerdə dəydikdən sonra İslam Dövləti döyüşçüləri onu qəddarlıqla edam etmişdilər.

İŞİD yəzidi kürdlərə də divan tutub. Girov götürülən yəzidi qadınlar arasında olan Nadia Murad İŞİD liderinin ölüm xəbərini alqışlayıb.

Nadia Murad
Nadia Murad

“Bağdadi yaşadığı kimi də ölüb - uşaqlardan özünə canlı sipər çəkməklə. Qoy bu gün İŞİD-ə qarşı qlobal ədalətin ilk günü olsun,” o tvit edib.

Seksual təcavüz və soyqırıma qarşı fəaliyyətlərinə görə Nobel sülh mükafatına layiq görülən Nadia Murad “birləşərək İŞİD terrorçularını nasistlərin Nüremberq məhkəməsi kimi ədalət qarşısına çıxarmalıyıq” yazıb.

XS
SM
MD
LG