Accessibility links

İan Kelli: "Qərb Avrasiya İttifaqı və 3+3 kimi qeyri-liberal qruplaşmalara real alternativlər irəli sürməlidir"


İan Kelli: "Qərb Avrasiya İttifaqı və 3+3 kimi qeyri-liberal qruplaşmalara real alternativlər irəli sürməlidir"
please wait

No media source currently available

0:00 0:07:35 0:00

İan Kelli: "Qərb Avrasiya İttifaqı və 3+3 kimi qeyri-liberal qruplaşmalara real alternativlər irəli sürməlidir"

2012-2013-cü illərdə ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsində çalışan, ABŞ-ın Gürcüstandakı sabiq səfiri İan Kelli Amerikanın Səsinə müsahibəsində ABŞ-ın Cənubi Qafqazdakı rolu və Azərbaycan Prezidenti İlham Əliyevin Demokratiya Sammitinə dəvət olunmamasını şərh edib.

Amerikanın Səsi: Səfir Kelli, siz bu yaxınlarda The Atlantic jurnalında dərc olunan məqalənizdə iddia edirsiniz ki, ABŞ Ermənistanla Azərbaycan arasında vasitəçəlik prosesinə cəlb olunmağa istəksizdir. Bu barədə ətraflı məlumat verə bilərsinizmi? ABŞ-ın istəksizliyinin arxasındakı səbəblər nədir?

İan Kelli: Məncə bizim heç cəlb olmadığımızı demək doğru deyil. Biz həmsədr prosesinə çox cəlb olunmuşduq. Mən özüm 2012-2013-cü illərdə bu prosesdə iştirak etmişəm. Mənim məqalədə vurğulamaq istədiyim məqam o idi ki, Ağ Ev və Dövlət Departamentinin yüksək səviyyələrində bu prosesə maraq tədricən azalıb.

Bu məsələyə real maraq göstərən və özlərini prosesə daxil etməyə çalışan dövlət katibləri olub. Amma Obama və Tramp administrasiyalarında olmayıb. Ağ Ev bu vəziyyətlə maraqlanmırdı. Ona görə də düşünürəm ki, üç Qafqaz ölkəsinin iki qonşusu, Rusiya və Türkiyə prosesi ələ keçirdi. Mən inanıram ki, bu, Qafqazda Qərblə daha yaxın əlaqə istəyən, amma Kreml və ya Ankaranın hegemonluğu altında olmaq istəməyən insanların marağında olardı.

Amerikanın Səsi: ABŞ-ın Müdafiə Naziri Lloyd Austin bu yaxınlarda Avropaya səfəri çərçivəsində Gürcüstanı da ziyarət etdi və orada ABŞ-ın Gürcüstan ordusuna dəstəyini davam etdirəcək razılıq imzaladı. O dedi ki, ABŞ-ın dəstəyi Qara Dənizdəki sabiq Sovet ölkəsinə effektiv yayındırma və müdafiə gücü toplamağa yardım edəcək. Rusiya Gürcüstanın bəzi hissələrini ilhaq edib, amma Azərbaycan və Ermənistan Rusiyanın təcavüzünün birbaşa qurbanları olmasalar da, Rusiyanın atəşkəs bəyanatındakı rolu və Azərbaycana sülhməramlılarını yerləşdirməsini nəzərə aldıqda, Moskva regionda kifayət qədər nüfuza malikdir, amma dövlət katibi nə Azərbaycan nə Ermənistana səfər etmədi. Biz bunu ABŞ-ın regiona əhəmiyyət verməməsinin işarəsi olaraqmı görməliyik, yoxsa ABŞ bu məsələ ilə bağlı başqa səylər göstərirmi?

İan Kelli: Məncə biz bunu Müdafiə Nazirliyinin regiondakı digər iki ölkəyə məhəl qoymaması kimi qiymətləndirməməliyik. Məncə bu, Müdafiə Nazirliyinin son illərdə Gürcüstana özünü-müdafiə imkanlarını artırması üçün yardım etmək məqsədi daşıyan təlim və təchizat proqramını yeniləyib, təkmilləşdirmək qərarını əks etdirir.

Mən məqalədə də qeyd etdiyim kimi, düşünürəm ki, bütün regiona daha öncə qeyd etdiyim məsələlər səbəbilə daha yüksək diqqət yetirilməlidir. Çünki gələcəkdə Qərb rol iddiasında olmasa, bu ölkələr, Türkiyə və, ələbəttə ki, Rusiya kimi regional qüvvələr bu boşluğu dolduracaqlar.​

Amerikanın Səsi: 2021-ci ilin yanvarında Türkiyə və İran Qafqaz üçün Azərbaycan, Ermənistan, Rusiya və Gürcüstanın da iştirakı ilə 3+3 formatında əməkdaşlıq mexanizmi təklif ediblər. Rusiya bu mexanizmi dəstəkləyir. Sizin bununla bağlı düşüncələriniz nədir? ABŞ-ın İran və Rusiya ilə münasibətlərini nəzərə aldıqda, siz Vaşinqtonun bu mexanizmin həyata keçirilməsinin qarşısını almaq üçün hər hansı tədbir görəcəyini düşünürsünüzmü?

İan Kelli: Bilirsiniz, mən bir şeyi açıq demək istəyirəm. Mən inanıram ki, Azərbaycanla Ermənistan arasında zorakılıqları və ekstremal gərginliyi de-eskalasiya etmək üçün tranzit yolları açmaq, Qafqaz ölkələri arasında daha çox əlaqə yaratmağa çalışmaq lazımdır. Mənim 3+3 formatı ilə bağlı narahatlığım onun inklüziv olmamasıdır, çünki ona heç bir Avropa ölkəsi daxil deyil. Onda Cənubi Qafqazla Avropa İttifaqı ölkələri arasında vacib birləşdirici olan Qara Dənizin heç bir komponenti yoxdur.

Və əlbəttə ki, bu iki Cənubi Qafqaz ölkəsi, Gürcüstan və Ermənistan Avropa İttifaqı ilə assosiasiya sazişləri imzalayıb. Amma buna baxmayaraq, Avropa İttifaqı bu qruplaşmadan uzaq tutulub. Məncə bu ölkələrə, xüsusilə də Gürcüstan və Ermənistana təzyiq göstərmək üçün iqtisadi və qeyri-liberal tədbirlər görməyə hazır olan ölkələrin olması narahatedicidir. Və məncə bu cür qeyri-liberal koalisiyaya daxil olmaq bu ölkələr üçün faydalı olmayacaq.

Amerikanın Səsi: ABŞ-ın Cənubi Qafqaz regionundakı uzun və qısa-müddətli məqsədləri nələrdir?

İan Kelli: Mənim məqaləni yazmağımın səbəblərindən biri o idi ki, mən bizim regionla bağlı siyasətimizin olmadığını vurğulamaq istəyirdim. Məncə keçmiş administrasiyalar altında regional yanaşmanı tətbiq edən bir siyasət var idi və bu da Xəzər Dənizi ilə Aralıq Dənizləri arasında yeni dəmiryolu və neft və qaz boru kəmərləri inşa etmək məqsədi daşıyırdı.

Amma mən o zamandan bəri Qərbin bu ölkələri Avropa iqtisadiyyatları ilə əlaqələndirən və ya “biz sizin suverenliyiniz, müstəqilliyiniz və demokratiyarlarının inkişafında maraqlıyıq” deyən hər hansı bir paket təklif etdiyini görmürəm. Ona görə də məncə bu administrasiya Cənubi Qafqazla bağlı regional yanaşma tərtib etməlidir.

Amerikanın Səsi: Prezident Co Bayden əsas kampaniya vədlərindən birini həyata keçirməyə və Demokratiya Sammiti təşkil etməyə hazırlaşır ki, bu, 100-dən çox ölkədə demokratiyanın geriləməsinin və dünya boyu hüquqlar və azadlıqların pozulmasının qarşısını almağa yardım etmək məqsədi daşıyır. Politico qəzetinin yaydığı ilkin dəvətli siyahısında Azərbaycan Prezidenti İlham Əliyevin tədbirə dəvət olunmadığı görünür. Lakin bəzi təhlilçilər iddia edir ki, İlham Əliyevin demokratiyanı təbliğ edən tədbirə dəvət olunması daha yaxşı olardı. Sizin buna münasibətiniz nədir?

İan Kelli: Bunu demək çətindir. Məncə aydındır ki, Azərbaycanda müxalif səslərə qarşı repressiya ilə bağlı dərin narahatlıqlar mövcuddur və Azərbaycanın açıq, dözümlü və plüralist cəmiyyət qurmaq üçün səy göstərdiyini demək çətindir.

Bununla birlikdə, çox narahatedici bir tendensiya mövcuddur və indi Avrasiyada iki qrup var. Biri qeyri-liberal ölkələr qrupudur. Və əlbəttə ki, Moskva bu qrupun mərkəzində olmaq istəyir. Digər tərəfdən isə Məkrəzi və Qərbi Avropada demokratik ölkələrdən ibarət qruplaşma var.

Məncə Birləşmiş Ştatlar və Avropanın Avrasiya ölkələrinə, o cümlədən Azərbaycanda firavanlığa aparan bir yol var, bu da bu ölkələr icmasına daxil olmaqdır. Ona görə də düşünürəm ki, “Azərbaycanın yeri hardadır” - bunu müəyyən etmək lazımdır.

Biz Qara Dənizdə bir qruplaşmaya – GUAM, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın yaranmasına çağırış etdik. Amma qorxuram ki, bu qruplaşma artıq əhəmiyyətini itirib.

Yenə də deyirəm, Qərb Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və indi də 3+3 kimi təklif olunan qeyri-liberal qruplaşmalara real alternativlər irəli sürməlidir.

XS
SM
MD
LG