Accessibility links

İctimai fəal Azərbaycan prezidentini məhkəməyə verib


Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan prezidenti İlham Əliyevi məhkəməyə verib.

Bu barədə fəalın özü Facebook səhifəsində yazıb.

“Facebookda məni blok etdiyinə görə prezident İlham Əliyevi məhkəməyə vermişəm, bu gün məhkəmənin ən təcrübəli hakimlərindən biri təyin olunub. Heç bir xüsusi siyasi maraq yoxdur, sırf iki tərəf kimi hüquqi müstəvidə dartışacağıq. Məncə, maraqlı olacaq,” o qeyd edib.

Hacıyev yazır ki, prezidenti məhkəməyə verməsinin əsas arqumentləri bunlardır.

“Prezidentin Facebook səhifəsi onun şəxsi profili deyil, dövlət hesabına saxlanan və kontenti dövlət hesabına formalaşan resursdur. Prezidentin təminatı da dövlət hesabına həyata keçirilir, səhifədə özünün fəaliyyəti ilə bağlı məlumatlar paylaşır, insanlara bu fəaliyyəti bəyənmək, müzakirə etmək imkanı verir.

Bir vətəndaşın Facebookda heç bir qayda pozmadığı (ölkədə bu barədə qanunun, səhifədə istifadə qaydalarının olmaması da başqa bir problemdir) halda kiminsə kefi istəyir deyə, siyasi baxışlarına görə blok edilməsi qanunsuz hesab edilməlidir,” Hacıyev belə düşünür.

O hesab edir ki, prezidentin səhifəsindən vətəndaşın blok edilməsi ifadə azadlığını pozur və siyasi baxışlarına görə kiminsə ölkə rəhbərinin səhifəsində blok edilməsi siyasi ayrı-seçkilikdir.

“İfadə azadlığının məhdudlaşdırılması üçün qanuni, legitim və demokratik cəmiyyətlərdə zəruri olan əsaslar olmalıdır. Avropa Konvensiyasının 10-cu maddəsilə bağlı bir neçə işdə bu əsasların olub-olmaması test edilir. İşi daxili məhkəmələrdə həll edə bilməsək, 10-cu və 14-cü maddələrlə Avropa Məhkəməsinə göndərəcəyik.”

O, məhkəməyə müraciətdə məqsədinin hüquq icmasında müzakirələrin açılması, artması olduğunu bildirir.

”Məqsədim vətəndaşlar arasında kimliyindən asılı olmayaraq, hüquqları pozulduğu anda məhkəmələrə müraciəti təşviq etməkdir. Hüquqşünaslar öz arqumentlərini yaza bilərlər.

Hər halda maraqlı məhkəmə olacaq. Gözləyək, hazırlaşaq,” o qeyd edib.

İctimai fəalın yazdıqlarına nə prezident, nə də rəsmi qurumlar hələ münasibət bildirməyib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG