Accessibility links

İctimai fəal Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub


İlkin Rustəmzadə
İlkin Rustəmzadə

Keçmiş siyasi məhbus, ictimai fəal İlkin Rüstəmzadə iyunun 2-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub.

Bu barədə İlkin Rüstəmzadə Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinə bacısı ilə birlikdə dəvət olunub.

“Bizi hörmətli şəkildə qəbul edib dinlədilər. Hadisənin detalları barədə məlumat verdik. Eyni zamanda mənim təhdid olunduğum, eləcə də Türkana yaxınlaşdığını bildirən şəxsin vatsap mesajlarını, nömrələrini təqdim etdik. Qəti şəkildə bildirdilər ki, baş verən hadisənin dövlətlə yaxından-uzaqdan əlaqəsi yoxdur. İnanmaq istəyirəm ki, həqiqətən belədir. Nəticədə dövlət hamımızındır və biz bu dövlətin düşmənləri deyilik.”

İlkin Rüstəmzadə bacısı Türkan Rüstəmzadənin mayın 31-də tanımadığı şəxs tərəfindən küçədə təzyiqə məruz qaldığını deyib.

“Bacım Türkan Rüstəmzadə Əhmədli metrosu tərəfdən evə gələrkən arxadan bir cavan oğlan onun ağzını əli ilə tutub və deyib ki, qardaşına denən ağıllı olsun. Bunu dedikdən sonra o əlini çəkib və qaçıb,” o qeyd edib.

İlkin Rüstəmzadə bu hadisələrin onun siyasi fəaliyyəti və həbsxana həyatından bəhs edən yeni yazdığı “Qaranlığın hekayəsi” kitabı ilə bağlı olduğunu iddia edir.

İlkin Rüstəmzadə 2013-cü ildə orduda qeyri-hərbi itkilərə qarşı kütləvi etirazların təşkili ilə bağlı "NİDA Vətəndaş Hərəkatı fəalları"nın işi üzrə həbs edilib. O, kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 6 il həbsdə qalıb. İlkin Rüstəmzadə Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı tərəfindən "vicdan məhbusu" kimi tanınıb.

Daha sonra ictimai fəalın “Qaranlığın hekayəsi" adlı kitabı çap olunub. Bu kitabda müəllifin altı illik həbsxana həyatı zamanı (2013-2019-cu illər) yaşananlardan bəhs olunur.

XS
SM
MD
LG