Accessibility links

İctimai fəal həbs edilib


Cavid Məmmədzadə
Cavid Məmmədzadə

Bu gün, iyunun 27-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ictimai fəal Cavid Məmmədzadə 10 sutka müddətinə inzibati qaydada həbs olunub.

O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 211.1 (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması) maddələri ilə təqsirli bilinib.

Bu barədə ictimai fəalın qardaşı Bəhruz Məmmədzadə məlumat verib.

Onun sözlərinə görə, iyunun 26-da qardaşını Sumqayıt şəhər Polis İdarəsinin 1 saylı Polis Bölməsi saxlayıb.

“Cavidi sosial şəbəkələrdə Rəsulzadə çağırışına görə bir neçə dəfə çağırırdılar, getmirdi. Sadəcə, dünən bölmədən zəng vurub dəvət ediblər, deyiblər ki, izahata görə gəl. O da dünən günorta evdən çıxanda dostu ilə oraya gedib. Orada Cavidə deyiblər ki, izahatında bir də sosial şəbəkələrdə heç nə yazmayacam, belə işlərdən uzaq olacam” yaz. O isə onlara mənfi cavab verdiyinə görə fiziki təzyiqə məruz qalıb. Bu gün isə Cavidi Sumqayıt Şəhər Baş Polis İdarəsinə aparmaq adı ilə bölmədən çıxarıblar, amma idarəyə yox, məhkəməyə aparıblar”.

Məmmədzadə əlavə edib ki, fəalın həbsinin əsas səbəbi üzərində Məhəmməd Əmin Rəsulzadənin fotosu olan tibbi maskanı taxması olub.

“Qardaşım bir neçə gündür belə maska taxırdı. Hətta öz Facebook profilində “Polislər məni maska taxmağa məcbur edirsə, mən də onları Rəsulzadəyə baxmağa məcbur edəcəm. Bir gün həqiqət parıldayacaq!” post paylaşmışdı. Bundan əlavə o, evdən mahnı oxuyan müğənnilərin şousuna da etiraz bildirmişdi”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin fotosunun olmasına görə saxlanılması ilə bağlı yayılna məlumatlar yalandır.

“Tarixi şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?”

Onun sözlərinə görə, Cavid Məmmədzadə xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb.

“O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib,” Zahidov qeyd edib.

XS
SM
MD
LG