Accessibility links

İctimai fəal Qiyas İbrahimov xırda xuliqanlıqda günahlandırılır


Qiyas İbrahimov binanın üzərində plakat qaldırarkən
Qiyas İbrahimov binanın üzərində plakat qaldırarkən

İyunun 9-da ictimai fəal Qiyas İbrahimov Çevik Polis Alayının əməkdaşlarının Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan sakinlərə qarşı qanunsuz hərəkətlərinə etiraz etdiyi üçün saxlanılıb. O hazırda Nizami rayon Polis İdarəsinin 25-ci Polis Böləməsində saxlanılır.

“Bu gün Qiyas İbrahimov yaşadığı binanın damına çıxaraq etiraz şüarı qaldırıb. Polis əməkdaşlarının canlı yayımda vətəndaşlardan üzr istəməsini tələb edib. Qiyası buna görə saxlayıblar,” İbrahimovun anası Şura Əmiraslanova jurnalistlərə bildirib.

Əmiraslanova polis bölməsində oğlu ilə görüşdükdən sonra deyib ki, ondan izahat alıb sərbəst buraxacaqlar.

“Əgər Qiyası sərbəst buraxmasalar, mən binanın damına çıxıb etiraz olaraq özümü ataraq intihar edəcəm. Qoy bu xalqın yolunda ölüm. Nəhayət bir gün xalq qalxıb öz haqqını tələb edəcək. İtirəcək heç nəyim yoxdur. Bıçaq artıq boğaza dirənib”, Əmiraslanova jurnalistlərə deyib.

Qiyas İbrahimov polis bölməsindən aparılarkən
Qiyas İbrahimov polis bölməsindən aparılarkən

Qiyas İbarhimov bir neçə saat polis bölməsində saxlanıldıqdan sonra polis avtomobilinə mindirilərək oradan aparılıb.

Vəkil Elçin Sadıqov bildirib ki, İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə protokol tərtib ediblər.

“Qiyas İbrahimov bildirdi ki, özünü təqsirli bilmir. Polisin dünənki hərəkətinə etiraz olaraq aksiya keçirib. Polis bunu xırda xuliqanlıq hesab edir. Amma orada hər hansı inzibati xəta tərkibi yoxdur. Məhkəməyə apardılar. Qiyasın sağ dizində və belinin hər iki tərəfində dərisi soyulmuş qançır izləri vari idi. Aktlaşdırıldı,” o qeyd edib.

Bu zaman bir qrup fəal polsi bölməsinin qarşısında “Azad et!” şüarı ilə aksiya keçirib.

Öz növbəsində Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Qiyas İbrahimovun intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, paytaxt sakini Qiyas İbrahimov yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəldərək qanunsuz çağırışlar edib.

"Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib. Hazırda Qiyas İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək," o qeyd edib.

Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə siyasi şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hər iki fəal 2019-cu il martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG