Accessibility links

İftixar Qurbanov: Fuad Əhmədlinin səhhəti stabildir


“Fuad Əhmədlinin səhhəti stabildir. O, hərəkət zamanı bel nahiyyəsində ağrıların olmasından və tək-tək öskürəkdən narahat olduğunu bildirir.

Müayinələr və həkim mütəxəssislərin baxışlarınəticəsində bel nahiyyəsində və ağ ciyərlərində ciddi patologiya aşkar edilməyib.”

Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov Amerikanın Səsinin sualının cavabında bildirib

Onun sözlərinə görə, Əhmədlinin müayinəsi 2-3 günə başa çatdırılacaq.

“Hazırkı anadək stasionar şəraitdə müalicəyə ehtiyac duyulmur,” o qeyd edib.

4 il azadlıqdan məhrum edilən müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədli oktyabrın 5-də Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.

Fuad Əhmədlinin atası Zəfər Əhmədli bildirib ki, oğlu ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkir.

“Oğlum həbsdən əvvəl ağciyər xəstəliyi ilə bağlı əməliyyat olunub, buna görə qapalı yerdə qala bilməz, Ali Məhkəmədə proses zamanı 1 ay Kürdəxanıdakı təcridxanada qaldı, ordan qayıdandan sonra vəziyyəti pisləşmişdi, nəfəs ala bilmirdi. İkinci problem böyrək ağrılarıdır.”

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb.

İttihama görə, o, operator işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb. AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.Yuxarı məhkəmə instansiyaları hökmü qüvvədə saxlayıb.

Fuad Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymır.

XS
SM
MD
LG