Accessibility links

İki AXCP fəalı saxlanılıb


İyulun 14-də Azərbaycan Ordusunu müdafiə məqsədi ilə keçirilən aksiyadan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, - partiyanın Nəsimi rayon təşkilatının fəalı Fərid Əsədov və Qaradağ rayon təşkilatının fəalı Elvin Məmmədov polis tərəfindən saxlanılıb.

Bu barədə AXCP-nin məlumatında deyilir.

“Hazırda Fərid Əsədov Sabunçu rayon Polis İdarəsinin 13 saylı Polis Bölməsində, Elvin Məmmədov isə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində saxlanılır. Onlar Azərbaycan Ordusunu müdafiə məqsədi ilə keçirilən aksiyada sakit tərzdə iştirak edib və Milli Məclisin binasına daxil olanlar arasında olmayıblar,” AXCP bildirir.

AXCP sədrinin müavini Seymuir Həzi hər iki fəalın saxlanılmasını qanunsuz və yolverilməz hesab edir.

“Onların saxlanılması qanunsuzdur və siyasi baxımdam düzgün deyil. Hökumət və siyasi sistem hazırda diqqətini siyasi mübarizəyə deyil, döyüş cəbhəsinə yönəltməlidir,” Seymur Həzi Amerikanın Səsinə deyib.

İyulun 14-ü Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında mitinq keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub, polisin avtomobilini aşırıb. Polis əməkdaşları parlamentə daxil olan şəxsləri oradan çıxararaq əraziyə toplanmış şəxsləri uzaqlaşdırıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında bildirib ki, bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar.

“Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar," dövlət başçısı qeyd edib.

XS
SM
MD
LG