Britaniyada keçmiş casus və qızının zəhərlənməsində şübhəli sayılanlarla eyni ad-soyadlı iki rusiyalı martda Solsberi şəhərinə turist kimi getdiklərini deyirlər. Onlar Rusiya dövlətinin maliyyələşdirdiyi RT telekanalına müsahibə veriblər.
Keçmiş casus Sergey Skripal və qızı Yuliya martın 4-də skamyada huşsuz vəziyyətdə tapılmışdılar, bir neçə həftəlik müalicədən sonra xəstəxanadan buraxıldılar. Ancaq Noviçok sinir qazının olduğu saxta ətir şüşəsini tapan cütlük daha ağır bədəl verdi. Qadın dünyasını dəyişdi, partnyoru xəstəxanalıq oldu.
Britaniyada fotoları yayılan şəxslərə bənzəyən iki kişi müsahibələrində adam öldürməyə cəhddə heç bir rolları olmadığını deyiblər.
Onların kimliyini müstəqil şəkildə müəyyənləşdirmək mümkün olmayıb.
SOLSBERİDƏ BİR SAATDAN DA AZ QALIBLAR
“Dostlarımız çoxdan təklif edirdilər ki, bu gözəl şəhərə gedək”, - onlardan biri deyib.
RT sentyabrın 13-də müsahibədən bir hissə yayıb.
Müsahibə verənlər Sergei Skripal-ın evinin yanından təsadüfən keçdiklərini, onun harada yerləşdiyini bilmədiklərini deyiblər.
“Ola bilər ki, ona yaxınlaşmışıq, amma harada yerləşdiyini bilmirik”, - biri iddia edib.
Onlar Solsberidə bir saatdan da az qaldıqlarını sözlərinə əlavə ediblər.
Rusiya prezidenti Vladimir Putin bir gün öncə deyib ki, Britaniyanın zəhərlənmə hadisəsində şübhəli bildiyi adamların kimliyini müəyyənləşdiriblər, amma mülki şəxslərdir.
Britaniya hökuməti isə şübhəlilərin Rusiyanın hərbi kəşfiyyat agentliyi olan GRU-nun zabitləri olduğunu bildirib.
Putinin bu bəyanatından sonra Britaniyanın baş naziri Tereza Meyin sözçüsü vurğulayıb ki, zəhərlənməylə bağlı Moskvadan izahat almaq cəhdləri həmişə “dolaşıqlıq və yalanlarla” üzləşib.
Sözçü şübhəlilərin GRU zabitləri olduğunu bir daha vurğulayıb.
Britaniya hökuməti 4 mart insidentinə görə Aleksandr Petrov və Ruslan Boşirov adlı iki rusiyalını ittiham edir.