Misirin əhalisi 100 milyona yaxınlaşdığı üçün, hökümət çox sayda uşaq sahibi olmaq istəyən insanların düşüncələrini dəyişməyə çalışır.
“İkisi Kifayətdir”- bu, hökümətin Misirin kənd yerlərində böyük ailə ənənəsinə son qoymağa çalışan ilk ailə planlaşdırma kampaniyasıdır.
Misirin əhalisi hər il 2.6 milyon artır. Bu isə su və iş yeri çatışmazlığı olduğu, məktəb və xəstəxanlarda isə insanların dolu olduğu bir ölkə üçün yüksək göstəricidir. Prezident Abdel Fəttah Əl-Sissi deyir ki, Misirin üzləşdiyi iki ən böyük təhlükə terror və əhali artımıdır.
Onillər öncə Misirdə Birləşmiş Ştatların dəstəyi ilə ailə planlaşdırma proqramı var idi. Doğum səviyyəsi 1976-cı ildə 5.6-dan 2008-ci ildə 3.0-a enmişdi, hamiləliyin qarşısını alan vasitələrdən istifadə isə 18.8 faizdən 60.3 faizədək artmışdı.
Misir höküməti ailə planlaşdırmasını dəstəkləyirdi, donorlardan gələn böyük miqdarda maddi yardım isə proqramın müvəffəqiyyətli olmasına gətirib çıxarmışdı.
Lakin Misir bu məsələdə donorların dəstəyinə arxlanırdı və o maddi dəstək bitəndən sonra ailə planlaşdırmasına əhəmiyyət verilmədi. 2014-cü ildə doğum nisbəti 3.5-ə çatdı.
İndi Birləşmiş Ştatlar Misirdə ailə planlaşdırmasını yenidən dəstəkləyir və 2022-ci ilədək davam edəcək beş illik proqram çərçivəsində Misiri 19 milyon dollarla təmin edir.
Bu rəqəm Birləşmiş Ştatların 1976-2008-ci illər arasında Misirdə ailə planlaşdırmasına xərclədiyi 371 milyon dollardan xeyli azdır.
“İkisi Kifayətdir” proqramı əsasən Misir büdcəsindən maliyyələşdirilir. Sosial Həmrəylik Nazirliyi 75 milyon Misir funtu (yəni 4.27 milyon dollar) xərcləyir, BMT isə proqramı 10 milyon funtla təmin edir.
İki illik kampaniya diqqəti maksimum üç uşağı olan 1.1 milyon yoxsul ailələrə yönəldib. Sosial Həmrəylik Nazirliyi yerli QHT-lərlə birlikdə evləri ziyarət edib, insanları daha az uşaq sahibi olmağa təşviq edəcək könüllülərə təlim keçib.
Analar seminarlara dəvət olunur. Bu seminarlarda vaizlər onlara İslamda ailə planlaşdırılmasına icazə verildiyini başa salır, həkimlər isə onların suallarını cavablandırır. Reklam panelləri və televiziyada yayımlanan reklam çarxlarında kiçik ailələr təbliğ olunur. Hökümət həmçinin doğum səviyyəsini 2030-cu ilədək 3.5-dən 2.4-ə qədər azaltmağa çalışır.
Misirdə ailələrin böyük olmasına səbəb köhnə ənənələr və təhsilin olmamasıdır. Misirdə sünni müsəlmanların ən yüksək səlahiyyətli orqanı ailə planlaşdırmasını dəstəkləyir, amma misirlirlərin hamısı bununla razılaşmır.
Bəziləri uşaqları gələcəkdə maddi dəstək mənbəyi olaraq görür. Digərləri isə qızları olduğu üçün ailə soyadını davam etdirəcək oğlan doğulanadək dünyaya uşaq gətirməyə davam edir.
BMT-nin Əhali Fondunun verdiyi məlumata görə, misirli qadınların təxminən üçdə biri yan təsirləri ilə bağlı yanlış məlumatlara sahib olduqları və ya alternativlərlə bağlı məlumatları olmadıqları üçün bir il ərzində hamiləliyin qarşısını alan vasitələrdən istifadəni dayandırır.
2014-ə aid olan rəsmi məlumatlara görə, reproduktiv yaşda olan evli qadınların 13 faizi hamiləliyin qarşısını alan vasitələrdən istifadə etmək istəsə də, bunu edə bilmir.
İndi hökümət yenilənmiş klinikalar təsis edib, işçilərin sayını artırıb və insanları daha çox bu cür vasitələrlə təmin edir. “İkisi Kifayətdir” proqramının məqsədi martda 70 yeni klinikanı istifadəyə verməkdir.
Hökümət yanvar ayından bəri insanları dünyaya daha az uşaq gətirməyə təşviq etmək üçün üç uşaqlı yoxsul ailələr əvəzinə sadəcə iki uşaqlı yoxsul ailələrə maddi yardım göstərir.
Hökümət əhali artımını iqtisadi islahat planlarına təhlükə olaraq görür. Hər il 800 min gənc misirli rəsmi işsizlik səviyyəsinin 10 faiz olduğu əmək bazarına daxil olur.
Misirdə əhali artımı iqtisadi artımın yarısı qədərdir, amma əslində üçdə birindən çoxunu təşkil etməməlidir. Əks halda sosial proqramlara sərmaye qoymaq və yaşayış standartlarını yüksəltmək çətinləşir.