Accessibility links

İkram Rəhimov: Ədalət bərpa olunmasa aclığı ölənədək davam etdirəcəm


İkram Rəhimov
İkram Rəhimov

“Jurnalist: Səhhətim pisdir.

Hakim: Mən həkim deyiləm. Sus! Lazım gəlsə sizə söz verəcəm.”

Bu dialoq avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində peosesə sədrlik edən hakim Rizvan Səfərovla 22-ci gündür aclıq edən realliq.info saytının redaktoru İkram Rəhimov arasında olub.

Bununla belə hakimlər heyəti məhkəmə iclasının sonunadək jurnalistin səhhəti ilə maraqlanmayıb.

Məhkəmə zalında Avropa İttifaqının və Almaniyanın Azərbaycandakı səfirliynin nümayəndələri də prosesi izləyib.

Avropa İttifaqının və Almaniya Səfirliynin əməkdaşları jurnalist İkram Rəhimovun məhkəməsində
Avropa İttifaqının və Almaniya Səfirliynin əməkdaşları jurnalist İkram Rəhimovun məhkəməsində

İkram Rəhimov müvazinətini saxlamaq üçün məhkəmə zalında salındığı dəmir qəfəsin barmaqlığından yapışıb. Belə görünür, ayaqları qıc olduğundan o, tez-tez ayaqlarını qaldırıb-salır. Jurnalist çox arıqlayıb.

“Mənə iynə vurduqdan sonra yataqdan qalxa bildim və məhkəməyə gətirdilər. Çox halsızam, yuxusuzluqdan əziyyət çəkirəm, təzyiqim kəskin düşüb, ayaqlarımda və bədənimdə qıcolamalar var. Bütün bunlara baxmayaraq, ədalət bərpa olunmasa aclığı ölənədək davam etdirəcəm. Ölkədə media azadlığı bərpa olunmalıdır. Məhkəmələr sifarişləri müdafiə etməməlidir, ədaləti bərpa etməlidir,” İkram Rəhimov dəmir qəfəsdən uca səslə məhkəmə zalında olan Amerikanın Səsinin müxbirinə bildirib.

Ədalət bərpa olunmasa ölənədək aclığı davam etdirəcəm. Ölkədə media azadlığı bərpa olunmalıdır. Məhkəmələr sifarişləri müdafiə etməməlidir, ədaləti bərpa etməlidir.
İkram Rəhimov, jurnalist

O saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsinə yerləşdirildiyini, saxlanılma şəraitindən razı olduğunu deyib. Jurnalsit həkim nəzarətindədir.

Məhkəmə iclası zamanı vəkil və jurnalist birinci instansiya məhkəməsi zamanı zərərçəkənlərin ifadələrinin məhkəmə protokolunda saxtalaşdırıldığını bildirib.

“İttiham aktı hökmə köçürülüb. Hətta olmayan məhkəmə iclası barəda saxta ptotokol tərtib edilib. Zərərçəkənlərin heç biri ittihamda yazılanları təsdiq etməyib və mənə qarşı iifadə verməyib. Mənə qarşı istifadə edilən səs yazıları montaj edilib, çünki səs yazıları sonadək səsləndirilmir. Bu səbəbdən zərəçəkənlər yenidən ifadə verməli və səs yazısı ekspertizaya göndərilməlidir,” jurnalist bildirib.

Bu zaman vəkil Elçin Sadıqov İkram Rəhimovun 22 gündür aclıq etdiyni və səhhətinin kəskin pisləşdiyini sədrlik edənin diqqətinə çatdırıb. Vəkil bu səbəbdən həbs qətimkan tədbirnin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət verib.

Elçin Sadıqov
Elçin Sadıqov

Dövlət ittihamçısı vəsatətlərin heç birini dəstəkləməyib.

Hakim də vəsatətləri təmin etməyib. Yalnız birinci məhkəmə instansiyasında ifadə verməyən bir zərəçəkənin apellyasiya instansiyasında ifadə verməsi barədə qərar qəbul edilib.

Bu zaman hakim həmin zərəçəkmiş şəxsin xarici ölkədə müalicə olduğunu bildirib və məhkəmə iclasını sentyabrın 18-dək təxirə salıb.

Realliq.infi saytının redaktoru hakimlər məşvərətə gedən zaman bəyanatla çıxış edib.

Jurnalist həbsinin Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla bağlı olduğunu deyib.

“Mən Əli Həsənovla bağlı tənqidi məqalə dərc etdikdən sonra Mətbuat Şurası mənimlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və prokurorluğa müraciət etdi. Bu mətbuat tarixində görünməmiş bir hadisədir. Jurnalıistlərin təsis etdiyi təşkilat jurnalistin həbsini istəyir,” o qeyd edib.

Jurnalist həmçinin Avropa qurumları tərəfindən ayrılan qrantların və dövlətin medianın inkişafına ayırdığı vəsaitin hökumət məmuruna yaxın media qurumları arasında bölündüyünü deyib.

“O zaman Əli Həsənov məni qəbul etdi. Görüşümüzlə bağlı buraxılış qəbzlərini indi də saxlayıram. Onun dedikləri ilə razılaşmadıqdan, media azadlığının formalaşması üçün çalışacağımı dedikdən sonra həbs olundum. Bu ölkədə bacarırsan tərifləməlisən, bacarmırsan yerində oturmalısan. Azad media olmamalıdır?”o, iclas zalında oturanlardan sual edib.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə media azadlığının tam təmin edildiyini, hökumətin azad medianın qayğısına qaldığını bildirir. Rəsmi Bakı media azadlığı ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə `Realliq.info` və digər `reket` informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

2019-cu il iyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib.

Etiraz əlaməti olaraq Rəhimov avqustun 7-də məhkəmə zalında aclığa başladığını bəyan edib.

XS
SM
MD
LG