Accessibility links

Azərbaycan Prezidenti: ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfəsini verə bilər


İlham Əliyev
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ştatların Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması işinə töhfə verə biləcəyini deyib. Prezident Əliyev bu açıqlamaları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr zamanı deyib.

“ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər”, Azərbaycan Prezidenti bildirib.

Prezident Əliyev həmçinin bildirib ki, Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir, "bizim təmaslarımız var".

“ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri ilə telefon danışığım olub və bir çox məsələləri müzakirə etmişik,” o qeyd edib.

Azərbaycan Prezidenti deyib ki, ABŞ Azərbaycanın həyata keçirdiyi enerji layihələrini və digər layihələri daim dəstəkləyib.

"Lakin biz bu münasibətlərin daha da şaxələndirilməsini istərdik. Ticarət sahəsində daha sıx əməkdaşlıq etmək istərdik. Həmçinin müdafiə sənayesində də əməkdaşlıq edə bilərik."

Mayın 17-də ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə ayrı-ayırlıqda telefon söhbəti zamanı Birləşmiş Ştatların Cənubi Qafqazda sülh, təhlükəsizlik və tərəqqiyə sadiqliyini ifadə edib.

Milli Təhlükəsizlik müşaviri Ermənistan və Azərbaycan arasında sərhəddə son vaxtlar yaranmış gərginliklə bağlı narahatlığını bildirib və iki tərəf arasında davam etdirilən təmasları və hər iki liderin məsələnin sülh yolu ilə həllinə sadiqliyini alqışlayıb.

Ağ Evin açıqladığı bəyanatda Sallivanın Birləşmiş Ştatların ikitərəfli qarşılıqlı əlaqələr və Minsk Qrupunun həmsədri kimi regional barışığa nail olunması ilə bağlı sadiqliyini çatdırdığı qeyd edilir.

ABŞ Dövlət katibi Antoni Blinken mayın 18-də İslandiyada, Reykyavikdə Arktika Şurası Nazirlər Kabinetinin iclası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşündə bir sıra regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin uzunmüddətli siyasi həllini müzakirə edib.

Birləşmiş Ştatlar, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Paşinyan keçən həftə hökumətin iclasında regionda kommunikasiyaların açılmasının Ermənistan üçün mühüm prioritetlərdən biri olduğunu deyib.

“Çünki əldə etdiyimiz razılaşmalara görə Ermənistanın İran İslam Respublikası ilə dəmiryolu əlaqəsi yaranacaq. Əlbəttə, Azərbaycan da Naxçıvanla dəmiryolu əlaqəsi əldə edəcək. Söhbət əlbəttə ki, yük daşımalarından gedir. Gələcəkdə, əgər vəziyyət düzəlsə, bu istiqamətlərdə sərnişin daşımaları haqda da düşünmək olar”, o bildirib.

Nikol Paşinyan hökumətin mayın 20-də keçirilən iclasında internetdə yayılan işçi sənədlərə toxunub.

"Azərbaycan razılaşdırdığımız şərtlərlə razılaşmanı yerinə yetirsə, onda sənədə imza atacağam. Çünki o, Ermənistan Respublikasının maraqlarına 100% cavab verir", o qeyd edib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG