Accessibility links

Azərbaycan Ordusunun Tərtərdə, Füzulidə, Cəbrayılda irəlilədiyi xəbər verilir


“Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır!”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Bakı vaxtilə axşam saatlarında özünün rəsmi Twitter səhifəsində yazıb.

Cəbrayıl, Füzuli rayonlarının xəritəsi
Cəbrayıl, Füzuli rayonlarının xəritəsi

Erməni tərəfi kəndlərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə bağlı məlumatlara münasibət bildirməyib.

“Gərgin döyüşlər gedir, mövqelər tez-tez əldən-ələ keçir. İndi alınan mövqe bir saatdasn sonra yenidən qaytarılır,” Ermənistan rəsmisi Artsrun Hovanisyan bildirib.

Şənbə günü xalqa müraciətində Ermənistan Baş Naziri Nikol Paşinyan erməniləri "birliyə" və "düşmənin belini qırmağa" çağırıb.

"Bu mübarizənin sonunda yalnız və yalnız qələbə təsəvvür edirik," o bildirib.

Sonrakı saatlarda Tvitterdə yazdığı mesajda Paşinyan "Azərbaycan-Türk banditlərini" təkcə torpaq tutmaq deyil, "erməni genosidini tamamlamaq" cəhdində ittiham edib.

Bir qədər öncə Prezident Əliyev Azərbaycan Ordusunun Madagiz kəndində Azərbaycan bayrağını qaldırdığını yazmışdı.

Az sonrakı rəsmi sərəncamla Suqovuşan kəndi adlandırılan yaşayış məntəqəsi əvvəllər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonunun inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürülüb. Madagiz kəndi Tərtər rayonunun inzibati ərazisinə daxil edilib.

Suqovuşan kəndi ilk dəfə 1992-ci ildə Azərbaycan qüvvələrinin nəzarərində olub. 1994-cü ilin aprelində yenidən erməni hərbi qüvvələrin nəzarətinə keçib.

Kəndin ərazisində Sərsəng su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir.

Azərbaycan Müdafiə Nazirliyi bu il oktyabrın 2-də gecə ərzində və səhər saatlarında Ağdərə istiqamətində Suqovuşan ətrafındakı hakim yüksəkliklərin ələ keçirildiyini bildirib.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

Şərhlərə bax

XS
SM
MD
LG