Accessibility links

İlham Əliyev: Bəzi hallarda dövlət məmurları biznes dairələrinə kömək göstərir, onlar haqsız rəqabət aparır


Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Fərmana görə, İqtisadiyyat Nazirliyinin yeni strukturu belə olacaq:

İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

İqtisadiyyat Nazirliyinin regional bölmələri.

Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır.
İlham Əliyev, Azərbaycan prezidenti


Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Prezidentin fərmanı ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən azad edilərək iqtisadiyyat naziri təyin edilib.

Prezident Əliyev oktyabrın 22-də Şahin Mustafayevi iqtisadiyyat naziri vəzifəsindən azad edərək baş nazirin müavini təyin edib.

Prezident Şahin Mustafayevi baş nazirin müavini təyin edərkən qəbul edib. Əliyev bildirib ki, iqtisadi artım demoqrafik artımı üstələməlidir.

“Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq,” Əliyev qeyd edib.

Müstəqil ekspertlərin fikrincə, ölkədə kölgə iqtisadiyyatının səviyyəsi 50 faizdən çoxdur.

Şərhlərə bax

XS
SM
MD
LG