Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad olunaraq Xarici işlər nazir təyin edilib.
Bu barədə prezident sərəncamlar imzalayıb.
Prezidentin digər sərəncamı ilə Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edilib.
Ceyhun Bayramov 2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. O 2013-cü il avqustun 12-də Təhsil nazirinin müavini, 23 aprel 2018-ci ildə Təhsil naziri təyin olunub.
Elmar Məmmədyarov 2004-cü ildən Xarici işlər naziri idi.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iyulun 15-də keçirilən iclasında Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid edib.
"Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim," prezident qeyd edib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti iyulun 3-də Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri ilə bağlı istintaq-əməliyyat tədbirləri keçirib.
Dövlət Təhlükəsizliyi Xidməti məlumatında deyilir ki, nazirliyin işlər idarəsinin müdiri və Konsulluq İdarəsinin rəisləri də daxil olmaqla, bir neçə vəzifəli şəxsi həbs edilib.