“Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyət yoxdur və Ermənistanın danışıqlar prosesini pozmağa çalışır.”
Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, prezident İlham Əliyev bu barədə martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşündə bildirib.
Slovakiya ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmindədir.Miroslav Layçak, ATƏT-in fəaliyətdə olan sədri
Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacib sayır.
Onun fikrincə, danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunması, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirilməsi, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparılması münaqişənin nizamlanmasında irəliləyiş üçün bəs etmir.
Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən edilmiş prioritetlərdən danışıb, bu sırada münaqişələrin qarşısının alınmasının və vasitəçiliyin mühüm yer tutduğunu diqqətə çatdırıb.
O, Slovakiyanın ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmində olduğunu deyib.
Miroslav Layçak münaqişə ilə bağlı vəziyyətlə yerində tanış olmaq və fikir mübadiləsi aparmaq üçün səfərinin yaxşı fürsət yaratdığını bildirib.
Öz növbəsində, martın 4-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışından sonra sullara cavabında bildirib ki, Qarabağ problemi hərbi yolla həll edilə bilməz.
O hesab edir ki, münaqişənin sülh yolu ilə həlli üçün uyğun bir mühit yaradılmalıdır.
"Sentyabr ayında parlamentdəki bəyanatımda bildirdim ki, münaqişənin həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Mən ümid edirdim ki, belə bir bəyanat Azərbaycanda, bu ölkənin prezidentinin ağzından eşidiləcək, lakin təəssüf ki, bu ümidlər doğrulmayıb. Əksinə, Azərbaycan təhdidləri səsləndirməkdə davam edir, Dağlıq Qarabağ və Ermənistan xalqının maraqlarını nəzərə almadan bu məsələni güc vasitəsi ilə həll etməyə hazır olduqlarını bəyan edir. Hesab edirəm ki, bu şəraitdə problemin tez həllini gözləmək çətindir", Paşinyan deyib.
Bu proses Dağlıq Qarabağın iştirakı olmadan mümkün deyil.Nikol Paşinyan, Ermənistanın baş naziri
Onun fikrincə, münaqişə ilə bağlı aparılan müzakirələrə uyğun bir format yaratmaq lazımdır.
“Bu proses Dağlıq Qarabağın iştirakı olmadan mümkün deyil," Paşinyan bildirib.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.
2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.
Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.
2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.
Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.
2019-cu il yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə bəyanatında deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.
“Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçirib," sənəddə qeyd edilir.
Bəyanatda deyilir ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçirib.
“Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd edib. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırır,” Minsk Qrupunun həmsədrləri qeyd edir.
Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır.Leyla Abdullayeva, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi
Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
Rəsmi məlumatlara görə, dövlət başçıları görüş zamanı müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi aparıb.
ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib. Rəsmi məlumatlarda deyilir ki, görüşlərdə münaqişənin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva fevralın 25-də Amerikanın Səsinin sualının cavabında bildirib ki, Azərbaycanın münaqişənin nizamlanmasında mövqeyi birmənalıdır.
“Azərbaycanın ən yüksək rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır.”
Son zamanlar tərəflər arasında görüşlərin dinamikasının artmasına baxmayaraq, Azərbaycan və Ermənistan əvvəliki mövqeyindən geri çəkilmədiyini bildirən bəyanatlarını davam etdirir.
Yerli medialardakı məqalələrin təhlili göstərir ki, erməni və azərbaycanlı əhalinin sərt mövqelərində hələ liberallıq hiss edilimir.
Bu il fevralın 1-dən 5-dək Ermənistanda olan azərbaycanlı jurnalist Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Qarabağ məsələsində erməni cəmiyyəti yekdildir və mövqeləri sərtdir.
“Ermənistana səfərimin əsas məqsədi ondan ibarət idi ki, Ermənistanda hökumət dəyişməsindən sonra ictimai rəydə hansısa bir dəyişiklik baş verib, ya yox, onu öyrənmək. Əvvələ qayıdaraq, təkrar edə bilərəm ki, təəssüf ki, belə bir ciddi dəyişiklik görmədim. Hətta deyə bilərəm ki, rəsmi münasibət daha mülayimdir, daha yumşaqdır, nəinki geniş ictimaiyyətin fikri,” o, Amerikanın Səsinə bildirib.