Accessibility links

İlham Əliyev: Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq!


Prezident İlham Əliyev qəbul zamanı
Prezident İlham Əliyev qəbul zamanı

“Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır.”

Bu barədə prezident İlham Əliyev bu gün, mayın 13-də Kəlbəcər rayonuna yeni təyin etdiyi icra hakimiyyəti başçısını videoformatda qəbul zamanı deyib.

Prezident deyib ki, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək.

Bir binada yaşayanların 20 faizi heç köçkün deyil. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər.

“Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir,” Əliyev qeyd edib.

Prezident bildirib ki, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır.

Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb.

“Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir.”

Əliyev deyib ki, bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün onun sərəncamı ilə milyonlarla manat vəsait ayrılıb.

Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq!

“Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.”

Dövlət başçısı xoşagəlməz halların təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da olduğunu deyib.

Əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar.

“Siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət - budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar,” o qeyd edib.

Prezident həmçinin bildirib ki, yerli vergilərin yığılması ilə əlaqədar şəffaflıq olmalıdır, dövlət vəsaitinin xərclənməsində tam şəffaflıq olmalıdır və rayonların sosial-iqtisadi inkişafı təmin edilməlidir.

“Bir daha demək istəyirəm, artıq tapşırıq verilib ki, vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılacaq və məlumat nəzarətdə olacaq. Eyni zamanda, ictimai nəzarət olmalıdır. Mən vətəndaşlara üz tutub deyirəm, ictimai nəzarət olmayan yerdə adətən pozuntular da olur,” dövlət başçısı qeyd edib.

XS
SM
MD
LG