Accessibility links

İlham Əliyev: Hərbi postumuza qəflətən artilleriya atəşi açılıb


Bu gün, iyulun 13-də Azərbaycan Təhlükəsizlik Şurasının iclası keçirilib.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışı Azərbaycan Dövlət Televiziyası tərəfindən yayımlanıb. Çıxışda əsasən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisindəki hissəsində son iki gündəki insidentdən bəhs edilib.

Prezident deyib ki, dünən günorta saatlarında Ermənistan Ordusu qəflətən Azərbaycanın hərbi postuna artilleriya atəşi açıb və nəticədə hərbçilər həlak olub və yaralanıb.

“Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.”

Dövlət başçısı bildirib ki, bu gün sərhəddə gərgin vəziyyət davam edir.

Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir.
İlham Əliyev, Azərbaycan prezidenti

“Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq.”

Əliyev hesab edir ki, sərhəddə baş verənlər təcavüzkar siyasətin təzahürüdür.

“Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.”

Prezident bildirib ki, beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib.

“Operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsində cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq,” o qeyd edib.

Operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib.
İlham Əliyev, Azərbaycan prezidenti

Əliyev deyib ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir.

“Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür,” o qeyd edib.

Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə baş verən isnidentə görə məsuliyyətin Azərbycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Baş nazir həmçinin Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycanı dəstəkləyən bəyanatını qınayıb və regionda stabilliyi pozmağa xidmət etdiyini bildirib.

XS
SM
MD
LG