Accessibility links

İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edib


Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm" - deyə İlham Əliyev bildirib.

"Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm" - deyə, dövlət başçısı əlavə edib.

Danışıqların əsas mövzusu üç həmsədr ölkə liderinin bundan əvvəl bəyan etdiyi kimi, Dağlıq Qarabağın statusu, həmçinin regionda sülhməramlı əməliyyatlarda Rusiyadan başqa digər ölkələrin hərbçilərinin iştirakıdır.

“Sizin söylədiyiniz sözlərə və açıq verdiyiniz bəyanata gəldikdə, anlayırıq ki, hazırda yeni vəziyyət yaranıb. Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, sizinlə söhbət aparmağımın əsas səbəbi sizin mövqeyinizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeyi açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik".

Bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer görüş zamanı deyib.

Həmsədrlər Bakıdan sonra Yerevana gedəcəklər.

XS
SM
MD
LG