Accessibility links

Əliyev və Paşinyan Dağlıq Qarabağ və əsirləri müzakirə ediblər


Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bu barədə Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev AzərTAC Dövlət Agentliyinə müsahibəsində bildirib.

'Hamının hamıya' prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır.
Hikmət Hacıyev

Onun sözlərinə görə, son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur.

“Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir,” Hacıyev qeyd edib.

Şöbə müdiri söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsinin də müzakirə olunduğunu deyib.

2016-cı ilin aprelində cəbhədə yaranan gərginlik hər iki tərəfdən onlarla hərbçinin ölümü ilə nəticələnmişdi.
2016-cı ilin aprelində cəbhədə yaranan gərginlik hər iki tərəfdən onlarla hərbçinin ölümü ilə nəticələnmişdi.

“Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır,” o qeyd edib.

Hacıyevin sözlərinə görə, bu ilin sentyabrında Düşənbədə president Əliyevlə Ermənistan baş naziri arasında olan söhbət əsnasında razılıq əldə edilib ki, zəruri hallarda əlaqə yaratmaq üçün imkanlar təmin edilsin.

Təəssüf ki, biz razılığa gələ bilmədik, amma müzakirələr davam edəcək. Onlar “hamını-hamıya” prinsipini təklif edir, amma burada problem var.
Nikol Paşinyan

“Bu əlaqələr müntəzəm xarakter daşımır, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində olan təmaslar deyil, aşağı səviyyədə və lazım olan hallarda həyata keçirilir,” şöbə müdiri bildirib.

Öz növbəsində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan jurnalistlərə bildirib ki, İlham Əliyevlə söhbət zamanı əsirlər haqqında danışıblar.

“Təəssüf ki, biz razılığa gələ bilmədik, amma müzakirələr davam edəcək. Onlar “hamını-hamıya” prinsipini təklif edir, amma burada problem var. Biz gərək bunları Artsax hakimiyyəti ilə müzakirə edək. Biz keçmişdə baş verənlərdən, danışıqlar prosesinin tarixindən və başqa məsələlərdən danışdıq,” Paşinyan qeyd edib.

Onun sözlərinə görə, İlham Əliyevlə söhbəti nahar zamanı baş tutub.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG