Accessibility links

İlham Əliyevin tənqidi və müxalifətin cavabı


İlham Əliyev
İlham Əliyev

İlham Əliyev: Bizdən Qərb ölkələrinə donos yazırlar

“Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra - 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi. Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi.”

Bu barədə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı zamanı prezident İlham Əliyev deyib.

İlham Əliyev yeni yaşayış kompleksinin açılışında
İlham Əliyev yeni yaşayış kompleksinin açılışında

O bütün məğlubiyyətlərin atası Heydər Əliyev hakimiyyətdən gedəndən sonra baş verdiyi qənaətindədir.

Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı.
İlham Əliyev, Azərbaycan prezidenti

“Azərbaycan Xalq Cəbhəsinin cinayətkar əməlləri bununla bitmir. Ondan sonra onların yarıtmaz fəaliyyəti nəticəsində Kəlbəcər işğal olundu. Müdafiəni düzgün qura bilməmişdilər. Kim quracaqdı müdafiəni? Kim məşğul idi müdafiə ilə? Hərbi işdən heç bir xəbəri olmayan savadsız və xəyanətkar adamlar. Kim idi dövlətin başında? Xalq arasında heç bir hörməti olmayan boşboğaz. Kim gətirdi saldı bizim xalqımızı bu bəlaya? Onlar. O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın? Ona görə biz bunu bilməliyik. Kəlbəcər əldən gedəndən sonra neylədilər? Vəziyyəti bərpa etmək əvəzinə başladılar öz ordumuza qarşı mübarizəyə. Burada torpaqlar əldən gedir, onlar isə Gəncəni bombalayırdılar. Kəlbəcər, Laçın, Şuşa rayonları işğal olunandan sonra Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yarandı. Onlar isə Gəncəni bombalayırlar. Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı. Məhz ondan sonra Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və vəziyyət sabitləşdi. Budur səbəbkarlar, budur tarixi həqiqətlər.” o qeyd edib.

İlham Əliyev bəyan edib ki, bu gün vəziyyəti düzəltmək, torpaqları işğaldan azad etmək üçün böyük səylər göstərilir.

“Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər,” prezident bildirib.

İlham Əliyev çıxışında deyib ki, Heydər Əliyev keçmiş SSRİ rəhbərliyində təmsil olunanda onun əleyhinə Moskvaya donoslar yazırlarmış. İndi onun özünün əleyhinə qərbə donoslar yazırlar.

Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar. İndikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə donos yazırlar.
İlham Əliyev, Azərbaycan prezidenti

“Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar. İndikilər də yazırlar. O vaxt Siyasi Büroya yazırdılar. Bunlar isə bizdən Qərb ölkələrinə donos yazırlar. İndiki milli satqınlar dediyim o cinayətkar ünsür dəstəsi o vaxtın donos yazanlarından fərqlənmirlər. Onlar da özlərinə başqa ölkədə himayədar axtarırdılar, bunlar da. Onların da, bunların da əsas məqsədi hakimiyyətdir, nəyin bahasına olursa-olsun. Bax, buna görə torpaqlar işğal altına düşüb.”

Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışarkən deyib ki, “mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq mərhələli yanaşma ola bilər. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi,” o qeyd edib.

Seymur Həzi
Seymur Həzi

Seymur Həzi: Müxalifət Əliyevin hakimiyyəti üçün real təhlükəyə çevrilə bilər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bildirib ki, İlham Əliyevin müxalifətlə bağlı mövqeyi sual doğurmamalıdır.

İlham Əliyevin istinad etdiyi şüuraltıda ideoloji yığımlar kommunist əsaslıdır. Rusiya yönümlüdür.
Seymur Həzi, AXCP sədrinin müavini

“Ona görə ki, İlham Əliyevin istinad etdiyi şüuraltıda ideoloji yığımlar kommunist əsaslıdır. Rusiya yönümlüdür. Onun Azərbaycan Xalq Cəbhəsini (AXC) haqqında səmimi şəkildə yüksək fikirdə olması gözlənilən deyil. Ancaq ara-sıra əsəbiləşib AXC-ni ittiham etməsi gözləniləndir. Müxalifətə münasibət isə ikiqat sərtdir. Birincisi,ona görə ki, ideya baxmından müxalifət AXC-nin ardıcıllarından ibarətdir. Hətta psevdomüxalifət belə AXC ideyalarına istinad etmək məcburiyyətindədir. Çünki o ideyalardan kənarda Azərbaycanda siyasi deklarasiya özünə yer tapa bilmir. İkincisi isə müxalifət hazırda Əliyevin hakimiyyəti üçün real təhlükəyə çevrilə bilər. O da bundan qəzəblənir,” Seymur Həzi Amerikanın Səsinə bildirib.

Arif Hacılı və İsa Qəmbər
Arif Hacılı və İsa Qəmbər

Arif Hacılı: İlham Əliyevin dedikləri milli mənafelərə zərbədir

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, İlham Əliyevin Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında dedikləri, tarixi faktlara söykənməyən, həqiqətdən uzaq fikirlər olmaqla yanaşı, həm də milli mənafelərə zərbədir.

Rəsulzadə hakimiyyətə görə dövləti qurban verənlərdən fərqli olaraq bütün həyatını Azərbaycanın istiqlalı, xalqımızın dünya birliyində layiqli yer tutmasına həsr etmiş böyük şəxsiyyətdir.
Arif Hacıl, Müsavat Partiyasının başqanı

“Bu davranış Azərbaycan xalqına, müqəddəs saydığımız dəyərlərə qarşı hörmətsizlikdir. Bütün dünya dövlətlərinin Azərbaycan xalqını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik etdiyi, o dövrdə mövcud olmuş Azərbaycan dövlətinin nəinki ötən əsrin əvvəlləri, hətta bu gün üçün nümunə olacaq hüquqi, demokratik dövlət olduğunu bəyan etdiyi bir məqamda Azərbaycan dövlət başçısının bu açıqlamaları tamamilə yersiz və əsassız idi. Qurucu babalarımız Azərbaycanın istiqlalını elan edəndə dünya xəritəsində belə bir dövlət yox idi. Bakı da daxıl olmaqla Şamaxıdan şimal-şərq rayonlarına qədər olan ərazilərimiz bolşevik-daşnak hərbi birləşmələrinin, Qarabağ və Zəngəzur isə ermənilərin nəzarəti altında idi. Belə bir vəziyyətdə xalqımız Rəsulzadənin liderliyi, Müsavat Partiyasının təşkilatçılığı ilə Cənubi Qafqazın əksər ərazilərində, 114 min kv.km ərazidə müstəqil, demokratik Azərbaycan dövlətini qurmağa nail olub. Rəsulzadə hakimiyyətə görə dövləti qurban verənlərdən fərqli olaraq bütün həyatını Azərbaycanın istiqlalı, xalqımızın dünya birliyində layiqli yer tutmasına həsr etmiş böyük şəxsiyyətdir. Tarixi saxtalaşdırmaq olar, lakin tarixi dəyişdirmək mümkün deyil. Sovet imperiyası onilliklər ərzində Rəsulzadənin, müsavatçıların, Azərbaycan dövlətini qurmuş şəxsiyyətlərimizin nüfuzdan salınmasına, xalqın istiqlal və hürriyyət ideyalarına qarşı çıxmasına çalışsa da buna nail ola bilmədi. Azərbaycan hakimiyyətinin nəinki xalqımızın bu günü, gələcəyi, hətta keçmişinə qarşı apardığı mübarizə də belə uğursuz olacaq. Rəsulzadə başda olmaqla o dövrün ləyaqətli dövlət xadimlərinin, şərəfli tariximizin qiymətini xalqımız çox yaxşı bilir və dəyərləndirir. Daim dəyərləndirəcək. Bu günkü hakimiyyətin yaratmaq istədiyi saxta idealların ömrü isə bu hakimiyyətin ömrü qədər olacaq,” Arif Hacılı Amerikanın Səsinə deyib.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Dövlət başçısı tarixi mövzuya indiki gündəmlər əsasında qiymət verəndə tarixi keçmişin obyektiv araşdırılmasına maneə olur

ReAL Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, tarix daim ziddiyətlidir və mürəkkəb gedişata malikdir.

“Bir ölkənin prezidenti fövqəladə səlahiyyətlərə malikdirsə, bu ölkədə söz azadlığı xeyli məhduddursa, iqtisadi imkanlar elmi çevrələrə siyasi sistem tərəfindən loyallıq əsasında paylanılırsa, onda dövlət başçısının hansısa tarixi mövzuya yeganə bir amil və ya indiki gündəmlər əsasında qiymət verəndə bu, tarixi keçmişin obyektiv araşdırılmasına maneə olur. Nəticədə, tarixi faktların aşkarlanması və onlara obyektiv qiymət verilməsi işi daha da ertələnir,” Məmmədov Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG