Birləşmiş Ştatların Vitse-prezidenti Mayk Pens Türkiyəni Suriyanın şimal-şərqində apardığı hərbi əməliyyatlara son qoymağa razı salmaq məqsədilə Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyənin atəşkəsə razı olduğunu elan edib. Vitse-prezident Mayk Pens və Dövlət katibi Mayk Pompeonun Ankaraya səfərdən öncə ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlarla əlaqədar olaraq Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq etməklə hədələyib. Birləşmiş Ştatların siyasi dairələrində Trampın ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaqla Ankaranın uzun müddətdir planlaşdırdığı hərbi əməliyyatlara yaşıl işıq verən qərarı ilə bağlı tənqidlər artmaqdadır. ABŞ-da yaşayan jurnalist və təhlilçi İlhan Tanır Amerikanın Səsinə müsahibəsində Türkiyənin Suriyada hərbi əməliyyatları, atəşkəs razılığı və ABŞ-Türkiyə münasibətlərindən danışıb.
İlhan Tanır Suriyada atəşkəsə dair əldə edilən razılaşma ilə bağlı bir sıra sualların qaldığını qeyd edib. “Amerika tərəfi bunu atəşkəs adlandırsa da, Türkiyə tərəfi bunun bir müddət ara vermə olduğunu, atəşkəs olmadığını ifadə edib. 13 maddədən ibarət anlaşma mətninə baxdımız zaman da burada atəşkəs sözünün işlənmədiyini görürük. Beş günlük bir müddət var. Məlum olmayan çox məsələ var. Xüsusilə də kürdlərin bu anlaşmaya necə yanaşacağını bilmirik. Kürdlərlə hansı münasibət, hansı əlaqə qurulduğunu bilmirik. Anlaşmanın maddələri arasında YPG-dən bəhs edilir. Amma Suriya Demokratik Qüvvələrindən bəhs edilmir, Suriyada Demokratik Qüvvələrin nə edəcəyini bilmirik.”
ABŞ rəsmilərinin Ankaraya səfərindən öncə Prezident Tramp Türkiyəyə qarşı sanksiyalarla hədələyib. Tramp eyni zamanda bildirib ki, "Suriyaya hərbi müdaxilənin Amerika ilə heç bir əlaqəsi yoxdur və bu, Amerikanın problemi deyil". İlhan Tanır Vaşinqtonun siyasi dairələrində ABŞ Prezidentinin Suriyadan əsgəri qüvvənin çıxarılması və əldə edilən razılıqla bağlı fikir ayrılıqlarının mövcudluğunu qeyd edərək, ABŞ Müdafiə Nazirliyinin adları açıqlanmadan danışan bəzi rəsmilərinin anlaşma ilə əlaqədar narazılıqlarını bildirməsinə diqqət çəkib.
O, Suriya münaqişəsində Rusiya faktorunu xüsusi vurğulayıb. “22 oktyabrda, yəni eyni zamanda atəşkəsə dair razılaşmanın sonuncu günündə Ərdoğan Moskvaya səfər edərək, Rusiya Prezidenti ilə görüşəcək. Buna görə də Suriyanın şimal-şərqində, xüsusilə də bir həftə ərzində Amerikanın təsirinin getdikcə azaldığını nəzərə alsaq, Rusiyanın Suriya rejiminin qüvvələrinə daha çox təsiri olduğunu nəzərə alsaq, bugünkü anlaşma Amerikanın fərqli açıqlamaları və fərqli bəyanatlarına baxıldıqda, əslində belə bir razılaşmanın necə əldə edildiyi və onun necə icra ediləcəyi, sanksiyaların necə tətbiq ediləcəyi Rusiyada görüşlərdən sonra, Rusiyanın münasibətindən sonra daha aydın olacaq.”
Ankara və Vaşinqton arasında münasibətlərdə 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi dövründən gərginliklər mövcuddur. İlhan Tanırın bildirdiyinə görə, Suriyada 9 ildir davam edən münaqişə ABŞ-Tükiyə münasibətlərinə öz təsirini göstərib. O, ABŞ Konqresində Ankaranın Suriyanın şimal-şərqində hərbi əməliyyatları ilə bağlı sanksiyalar paketinin hazırlandığını qeyd edib. Bununla yanaşı, İlhan Tanır Prezident Trampın müttəfiq ölkə olan Türkiyəyə qarşı sanksiyalarla hədələməsi və Prezident Ərdoğana göndərdiyi məktubunun da iki ölkə arasında münasibətlərə zərər vurduğunu bildirib.
“Buna rəğmən Tramp hələ də Vaşinqtonda Türkiyənin ən yaxşı dostu olaraq qəbul edilə bilər. Bundan başqa, ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və digər qurumlarda, Vaşinqtonda ümumi əhval-ruhiyyə, beyin mərkəzlərində, Amerika mediasında Ərdoğan hakimiyyətinə qarşı böyük bir təpki var. Bu təpkinin yaxın bir zamanda keçə biləcəyini mən açığı, zənn etmirəm. Konqresdə sanksiyalar paketi təqdim edilərkən, senatorlar Lindsi Qraham və Riçard Blümental da daxil olmaqla, digər senatorların Türkiyə haqqında çox ağır tənqidləri, Türkiyəni qətliamda ittiham etmələri, İŞİD-in geri dönməsinə yardım etməkdə günhalandırmaları Vaşinqtonun ümumi ab-havasınımı əks etdirir? Beləliklə, Tramp Ərdoğanla münasibətləri pis-yaxşı, bəzən böhranlı, bəzən də normal şəkildə davam etdirsə də, Türkiyənin Amerika ilə, Vaşinqtonla münasibətlərinin orta və ya uzunmüddətli perspektivdə düzələ biləcəyi istiqamətində hər hansı bir işarə yoxdur.”