Accessibility links

İlin yekunları - Türkiyə və Rusiyanın Cənubi Qafqazda rolu


Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında sentyabrın 27-də başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə bəyanat imzalaması ilə sona çatdı. Razılaşmaya əsasən, Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qüvvələri yerləşidirilib. Eyni zamanda, Moskva və Ankara Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün birgə monitorinq mərkəzinin yaradılması haqda razılıq əldə edib. Vaşinqtonda Yaxın Şərq institutunun Türkiyə proqramlarının direktoru Söner Çağaptay Moskva və Ankaranın Suriya və Liviyada olduğu kimi tərəfdaşlıq əlaqələrini Cənubi Qafqazda da davam etdirdiyini qeyd edərək, bunun prezident Putinin NATO müttəfiqlərini bir-birinə qarşı qoymaq planlarının bir hissəsi olduğunu deyib.

İlin yekunları - Türkiyə və Rusiyanın Cənubi Qafqazda rolu
please wait

No media source currently available

0:00 0:04:54 0:00

Rusiya və Türkiyənin Cənubi Qafqazda anlaşması və bunun geosiyasi nəticələri

“Mən hesab edirəm ki, Cənubi Qafqazda münaqişəyə və onun atəşkəslə başa çatmasına Türkiyə və Rusiyanın bu razılaşmanı qorumaq üçün ortaq olduqları tərəfdən baxmalıyıq. Beləliklə, indi biz Suriyada başlayan, Türkiyə və Rusiyanın Suriyanın şimalında razılığın qorunmasında tərəfdaş olduğu bir nümunəni görürük və bu nümunənin Türkiyə və Rusiyanın barışığı saxladığı Liviyada və indi də Türkiyə ilə Rusiyanın atəşkəsi dəstəklədiyi və onun təminatçısı kimi çıxış etdiyi Cənubi Qafqazda tətbiq edildiyini görürük. Hesab edirəm ki, bu, həm də Türkiyə prezidenti Ərdoğan tərəfindən istənilən bir nəticədir. Bilirsinizmi, o, Türkiyəni Yaxın Şərqdə parlaq bir gücə çevirə bilmədikdən sonra Türkiyənin qanadlarını genişləndirməsini istəyir. Və Türkiyənin Qərbdəki ənənəvi müttəfiqləri ilə bir sıra əlaqələri pozulduqdan sonra Ərdoğan Türkiyənin nüfuzunun genişləndirilməsi üçün Putinlə iş birliyinin olduğu Cənubi Qafqazda və Liviyada yeni sahələr tapmağa çalışır.

Və Putin üçün də bu, işləyir. Düşünürəm ki, Putinin böyük oyunu NATO-nun ikinci ən böyük hərbi qüvvəsini ən böyük hərbi qüvvəsinə qarşı qoymaqla NATO-da birliyi pozmağa çalışmasıdır. Bu məqsədlə o, Türkiyə prezidenti Ərdoğanla yaxın əlaqələr quraraq, ona Suriya, Liviya və Cənubi Qafqazda ortaqlıq təklifləri edir.”

Söner Çağaptay Türkiyə və Rusiyanın hazırda Cənubi Qafqaz regionunda da qarşılıqlı əlaqələr yaratmasına baxmayaraq, iki ölkə arasında bir sıra siyasi fikir ayrılıqlarının qaldığını vurğulayır. O, Rusiya ilə əldə edilən anlaşmaların Türkiyə üçün” ilk baxışda əlverilşli görünməsinə baxmayaraq”, Rusiyanın regionda dominant rol oynamağa davam edəcəyini qeyd edib.

Putinin böyük oyunu NATO-nun ikinci ən böyük hərbi qüvvəsini ən böyük hərbi qüvvəsinə qarşı qoymaqla NATO-da birliyi pozmağa çalışmasıdır. Bu məqsədlə o, Türkiyə prezidenti Ərdoğanla yaxın əlaqələr quraraq, ona Suriya, Liviya və Cənubi Qafqazda ortaqlıq təklifləri edir.

“Bu o demək deyil ki, Türkiyə və Rusiya müttəfiqdirlər. Onlar arasında Ukraynada Krımdan tutmuş, Aralıq dənizinin şərqində Kiprə qədər bir çox məsələlərdə fikir ayrılıqları mövcuddur. Lakin mən belə düşünürəm ki, bəlkə də hazırkı məqamda Rusiya prezidenti Putinin Türkiyə prezidenti Ərdoğanla istədiyi yerdə ortaqlıq edə bildiyini, Putinlə daha da çox sövdələşmələrdə iştirak edən bir ölkə və liderin olduğunu deyə bilərsiniz. Amma mənə bunun harada bitəcəyi maraqlıdır. Türkiyə Putinlə nə qədər daha çox sövdələşmə qursa, Ankara Rusiyaya nə qədər çox açılsa, bu o deməkdir ki, əgər Türkiyə Suriyada Rusiyanın fikrinə əhəmiyyət verməsə, onun Cənubi Qafqazda maraqları Rusiya tərəfindən zədələnə bilər. Və əgər Rusiyanın Liviyada fikrinə əhəmiyyət verməsə, onun Suriyadakı maraqları Rusiya tərəfindən zədələnə bilər. Yəni qısa müddətdə bu sövdələşmələr Türkiyə üçün çox əlverişli görünür, amma uzunmüddətli perspektivdə iki ölkə arasında hərbi münasibətlər rəqabətə davamlı olsa da, ancaq Rusiyanın asimmetrik olaraq daha güclü olduğunu nəzərə alsaq, məni bu sövdələşmələrin Ankaranı Rusiyanın təsirinə məruz qoyub-qoymayacağı məsələsi düşündürür.

Rusiya-Türkiyə əlaqələri və Ankara və Vaşinqton arasında münasibətlər

Söner Çağaptay Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında hərbi əməliyyatların getdiyi dövrdə müdaxilə etməməsinin motivlərini şərh edib.

“Mənim fikrimcə, bəzən biz Soyuq müharibənin 1991-ci ildə bitdiyini düşünürük. Bu, doğrudur. Lakin mənə Putinin Soyuq müharibənin birinci yarısının 1991-ci ildə bitdiyinə inanıb-inanmadığı maraqlıdır. Futbolla müqayisə etsək, Rusiya artıq ikinci hissədə mübarizə aparır və qalib gəlmək üçün oynayır. Siz Rusiyanın liderisinizsə Soyuq müharibədə necə qələbə qazanacaqsınız? NATO-nu bölməklə. Və mən düşünürəm ki, Putinin məqsədi budur, Türkiyənin ürəyinə hakim olmaq, Türkiyə prezidenti Ərdoğanı razı salmaq. Putinin Azərbaycan-Ermənistan müharibəsində hərəkət etməməsinin səbəblərindən biri bu idi ki, o, Ərdoğanı razı salmaq və eyni zamanda Türkiyənin müttəfiqi olan Azərbaycana da bəzi hərbi zəfərlər qazanmasına imkan vermək istəyirdi. Fikrimcə, əlbəttə ki, Putin həm də Ermənistanın lideri Paşinyanı nüfuzdan salmaq istəyir. O, Avropada son zamanlarda ən az Rusiyapərəst liderdir.”

Söner Çağaptayın bildirdiyinə görə, Rusiya regionda təkcə Ermənistan deyil, Azərbaycana da təsir gücünü artırmaq imkanı əldə edir.

Baydenin prezidentliyi dövründə Türkiyə-Rusiya münasibətlərində tam dəyişiklikdən danışmaq çətin ola bilər, çünki Ərdoğanın Rusiya ilə və bu anda Putinlə bağladığı bu çoxsaylı razılaşmalardan uzaqlaşması ABŞ-la əlaqələrini yenidən qurmaq istəsə belə çox çətindir.


“Beləliklə, Vladimir Putin hərəkət etməməklə bir güllə ilə üç hədəf vurub. O, Paşinyanı zəiflətdi. Dağlıq Qarabağda bu məğlubiyyətdən sonra o süquta uğraya bilər. O, Ərdoğanı razı salmağa davam etdi. Ərdoğan Liviya və Suriya ilə yanaşı Cənubi Qafqazda Putinlə daha bir razılaşma əldə etdi. Putin həm də Cənubi Qafqazda Rusiya, Ermənistan və Azərbaycan arasında balansı qorumalıdır. Əlbəttə, Ermənistan Rusiyanın ən mühüm müttəfiqidir, lakin Rusiya eyni zamanda azərbaycanlılarla da balansı saxlamalıdır. Düşünürəm ki, Azərbaycanın qələbələrinə imkan vermək onun nöqteyi-nəzərindən bu balansı qoruyub saxlayır. Yəni, Azərbaycan böyük qalibdir, öz ərazlərini geri qaytarıb. Türkiyə də qalibdir. Türkiyə Azərbaycanla ticarət dəhlizi qurur və öz müttəfiqini Cənubi Qafqazda qalib kimi görür. Mən hesab edirəm ki, Rusiya ən böyük qalibdir, çünki Rusiya bununla Ermənistanın imperiyaya qayıtmasını təmin edəcək. İndi Ermənistanda və Dağlıq Qarabağda Rusiyanın daimi hərbi mövcudluğu olacaq və Rusiya böyük qalibdir. Bu, strategiyaya uyğundur. Putin indi əsasən Bakını razı salıb, Azərbaycanı Rusiyanın mövqeyinə yaxşı münasibət göstərməyə vadar edib.”

Söner Çağaptayın sözlərinə görə, Türkiyə Rusiya ilə “daha çox anlaşma əldə etdikcə, daha həssas duruma düşür”. O, ABŞ-da yanvar ayında yeni administrasiyanın hakimiyyətə gəlməsi ilə Moskva və Ankara arasında münasibətlərin hazırkı səviyyəsinin tam dəyişə biləcəyini gözləmədiyini bildirib.

“Nəhayət, Rusiya əlbəttə, ən böyük qalibdir, çünki Putin Türkiyəni Rusiya ilə daha bir anlaşmaya imza atmağa razı salıb. Yəni uzunmüddətli perspektivdə bütün bunların həqiqətən Rusiyanın qısamüddətli maraqlarına cavab verdiyini düşünürəm. Bu, Türkiyə üçün çox yaxşı görünür, lakin Türkiyə ilə Azərbaycan arasında ticarət dəhlizi də rusların ixtiyarındadır. Və Türkiyə Rusiya ilə nə qədər çox sövdələşmə əldə etsə, Rusiya üçün bir o qədər həssas duruma düşür. Yəni bu mərhələdə yəqin ki, Baydenin prezidentliyi dövründə Türkiyə-Rusiya münasibətlərində tam dəyişiklikdən danışmaq çətin ola bilər, çünki Ərdoğanın Rusiya ilə və bu anda Putinlə bağladığı bu çoxsaylı razılaşmalardan uzaqlaşması ABŞ-la əlaqələrini yenidən qurmaq istəsə belə çox çətindir.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG