Accessibility links

İlkin Rüstəmzadə “Qaranlığın hekayəsi"ndə həbsxana həyatından yazıb


İlkin Rüstəmzadə “Qaranlığın hekayəsi"ndə həbsxana həyatından yazıb
İlkin Rüstəmzadə “Qaranlığın hekayəsi"ndə həbsxana həyatından yazıb

“Qaranlığın hekayəsi" - ictimai fəal və keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin bu günlərdə nəşr olunan həbsxana həyatından bəhs edən kitabı belə adlanır.

Müəllif altı illik həbsxana həyatı zamanı (2013-2019-cu illər) yaşananlardan bəhs edir.

"Bu kitab təkcə Azərbaycanda siyasi proseslərlə maraqlananlar üçün deyil, daha geniş auditoriya üçün nəzərdə tutulub" o, Amerikanın Səsinə deyib.

Rüstəmzadə kitabda diqqəti Azərbaycan həbsxanalarındakı vəziyyətə, repressiyalara, işgəncələrə, kriminal qruplar arasında rəqabətə cəlb edir.

"Mən adətən "kadr" arxasında qalan şeylərə diqqət yetirməyə çalışdım. Məsələn, formal olaraq vərəm xəstələri üçün müəssisə olan "tubzon"da vəziyyətə diqqəti çəkdim, əslində isə bura insanların faktiki olaraq ölümə göndərildiyi yerdir," o qeyd edib.

Kitabda həbsxanalarda kriminal aləmin rolu və hakimiyyətlə əməkdaşlığına xüsusi yer ayrılıb.

Azərbaycanda gənclər arasında tez-tez cinayətkar birliklər haqda yalan fikirlər formalaşır, romantik areal yaranır, belə həyat tərzinə rəğbət oyanır. Əslində “avtoritetlər” heç də ədalətin nəcib sərəncamçıları deyil. Kriminal aləm əsasən hakimiyyətdə xidmətdədir və tez-tez siyasi məhbuslara qarşı istifadə olunur.

Kitabda həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin siyasi məhbusları agenturaya necə cəlb etməsinə də diqqət yetirilir.

"Hesab edirəm ki, bu kitab məmurlar, dövlət qulluqçuları üçün də maraqlı olmalıdır. Onlar xidmət etdikləri sistemdə həbsxanalarda vəziyyətin necə olması barədə təsəvvürə malik olmalıdırlar," Rüstəmzadə son illər həbsə məruz qalan məmurlara işarə edərək deyib.

O, beynəlxalq səviyyədə, xüsusilə də ABŞ və Avropa İttifaqında qəbul edilən qərarların məhbusların həyatına təsirini təsvir edir. Keçmiş siyasi məhbus ABŞ-da prezident seçkilərinin Azərbaycan həbsxanalarındakı siyasi məhbuslar tərəfindən necə izləndiyinə də işıq salıb.

Kitab "Qanun"nəşriyyatı tərəfindən buraxılıb.

İlkin Rüstəmzadə 2013-cü ildə orduda qeyri-hərbi itkilərə qarşı kütləvi etirazların təşkili ilə bağlı "NİDA Vətəndaş Hərəkatı fəalları"nın işi üzrə həbs edilib. O, kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 6 il həbsdə qalıb. İlkin Rüstəmzadə Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı tərəfindən "vicdan məhbusu" kimi tanınıb.

XS
SM
MD
LG