Accessibility links

İlqar Məmmədov Avropa Şurası Nazirlər Komitəsinə təqdimat göndərib


İlqar Məmmədov
İlqar Məmmədov

Təqdimat Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etməməsi ilə bağlıdır

Real partiyasının sədri sədri İlqar Məmmədov yanvarın 2-də Avropa Şurası Nazirlər Komitəsinə rəsmi təqdimat göndərib.

Bu barədə İlqar Məmmədovun özü məlumat yayıb.

Onun sözlərinə görə, təqdimat Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarını icra etməməsi ilə bağlı hazırlanıb.

ReAL sədrinin vurğulamasına görə, o təqdimatda bildirib ki, Azərbaycan hakimiyyəti bilərəkdən AİHM-in barəsində çıxartdığı bəraət qərarını uzun illərdir icra etmir:

"Sənəddə həmçinin, seçilmək haqqımın bərpa edilmədiyini bildirdim. Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, öz üzvlük öhdəliyini yerinə yetirmədiyi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Bu qərar 2019-cu ilin mayın 29-da qəbul olundu. Yəni, Azərbaycan AİHM-in qərarını və Avropa Şurasının qarşısında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, Konvensiyanı pozur. Bundan çıxış edərək, mən xahiş etdim ki, Avropa Şurası Nizamnaməsinə uyğun olaraq Azərbaycan hökümətinin Avropa Şurasında haqlarının dondurulması proseduruna başlanılsın. Bununla da mən tək Azərbaycan yox, həm də Avropa miqyasında göstərmək istəyirəm ki, üzvlər öz öhdəliklərini yerinə yetirməlidir. Çünki, bu gün Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, sabah digər ölkələr də bunu edəcəklər. Məhz buna görə Avropa Şurası tədbir görməlidir. Mən bunu Konvensiyanı müdafiə etmək üçün edirəm".

Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl isə Avropa Şurasının Nazirlər Komitəsi bildirmişdi ki, Azərbaycan höküməti 8 nəfərin üzərindən məhkumluğu qaldırılmalıdır.

Bu şəxslər ReAL partiyasının sədri İlqar Məmmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və NİDA Vətəndaş Hərəkatının 2013-cü ildə həbs edilmiş 4 üzvüdür.

Hazırda azadlıqda olan həmin şəxslərin üzərindən məhkumluğun götürülməsi onların fevralın 9-na nəzərdə tutulan növbədənkənar parlament seçkilərində namizədliklərini irəli sürməyə imkan verəcək.

XS
SM
MD
LG