Dünyada ən çox əhaliyə sahib ölkələr arasında dördüncü sırada olan İndoneziya COVID-19-un delta versiyasına yoluxmaların yeni qaynar nöqtəsinə çevrilib.
Ölkə çərşənbə günü 54117-dən çox yeni yoluxmanın qeydə alındığını xəbər verir. Ölənlərin sayı isə 991-dir. Yava adasındakı xəstəxanalar koronavirusa yoluxmuş xəstələrlə doludur. Sakinlər evdə təcrid olunan ailə üzvlərini müalicə etmək üçün oksigen balonları tapmağa çalışır.
İndoneziyada yoluxmalar delta variantının üzə çıxdığı Hindistanı üstələməyə başlayıb.
Associated Press xəbər verir ki, ABŞ-ın İndoneziyaya göndərdiyi 1,5 milyon doza Moderna vaksini cümə axşamı ölkəyə çatacaq. Digər 3 milyon doza isə artıq yola çıxıb və bazar günü çatacaq.
270 milyonluq ölkə əhalisinin cəmi 15 milyonu COVID-19-a qarşı tam peyvənd olunub.
Digər tərəfdən virusun delta versiyası Avstraliyanın Viktoriya əyalətinin rəsmilərini beş günlük qapanmalar tətbiq etməyə məcbur edib.
Viktoria əyalətinin baş naziri Daniel Endryu əyalətin paytaxtı Melburn da daxil olmaqla altı milyon sakinin yalnız tibbi səbəblər, vacib işlər, məktəb, alış-veriş, idman və peyvənd vurdurmaqdan ötrü evdən çıxa biləcəyini bildirib.
Viktoriya əyalətindəki bu qapanma bu il üçüncü dəfədir tətbiq edilir. Pandemiya başlayandan bəri isə beş dəfə tətbiq edilib.