Accessibility links

İnsan haqları qrupu Roman Protaseviçin KQB-nin istintaq təcridxanasına köçürüldüyünü bildirir


Roman Protaseviç
Roman Protaseviç

Belarusun insan haqları qrupu Vysana bildirir ki, saxlanmış jurnalist və müxalifət fəalı Roman Protaseviç ölkənin əsas təhlükəsizlik agentliyi KGB-nin nəzarət etdiyi istintaq təcridxanasına köçürülüb.

Vyasna mayın 30-da Telegram kanalına yerləşdirdiyi açıqlamada həmçinin bildirib ki, Protaseviç bacısından bağlama alıb, amma onun içindən bir kitab çıxarılıb.

Vyasna təcridxananın adını və yerini açıqlamayıb. Protaseviç bundan öncə paytaxt Minskda 1 nömrəli istintaq təcridxanasında saxlanırdı.

26 yaşlı Protaseviç vətəndaş iğtişaşına səbəb olmaq ittihamı ilə üzləşir ki, o bu ittiham üzrə təqsirli bilinsə 15 il müddətinə qədər həbs oluna bilər.

Roman Protaseviç Nexta-Live adlı Telegram kanalının baş administratoru olub. Kanal Belarusda avqustda mübahisəli prezident seçkisindən sonra keçirilən kütləvi etirazları işıqlandırıb.

Təhlükəsizlik qüvvələri 30 mindən çox insanı, o cümlədən etiraz aksiyalarını işıqlandıran onlarla jurnalisti həbs edib.

Belarus mayın 23-də Ryanair-ə məxsus sərnişin təyyarəsini qırıcı təyyarənin müşayiəti ilə Minskə enməyə məcbur edib və orada təyyarənin içində olan Protaseviç və onun Rusiya vətəndaşı sevgilisi Sofia Sapega təyyarədən endirilərək saxlanılıblar.

Təyyarə həmin zaman Afinadan Litvanın paytaxtı Vilnüsə hərəkət edirdi.

Bu addım beynəlxalq qınaqlara və Protaseviçin sərbəst buraxılmasına dair çağırışlara səbəb olub. Avropa İttifaqı bu hadisədən sonra Belarusdan gələn reyslərə qadağa qoyub.

XS
SM
MD
LG