Accessibility links

İnsan haqları qrupu səudiyyəliləri Xaşuqcininin cəsədini ortaya çıxarmağa çağırır


Amnesty International insan haqları qrupu Səudiyyə Ərəbistanını səudiyyəli jurnalist Camal Xaşuqcinin cəsədini ortaya çıxarmağa çağırıb ki, cəsəd üzərində tibbi ekspertiza aparılsın.

Xaşuqcinin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyü bildirilir.

İnsan haqları fəalları Cemal Xaşuqcinin şəkillərini nümayiş edir
İnsan haqları fəalları Cemal Xaşuqcinin şəkillərini nümayiş edir

Səudiyyə Ərəbistanı bildirir ki, istintaqın ilkin nəticələri onun konsulluqda görüşdüyü insanlarla arasına çıxan dava nəticəsində öldüyünü göstərir.

Amnesty-nin Yaxın Şərq üzrə direktoru Samah Hadid deyib ki, Səudiyyə Ərəbistanın hadisə ilə bağlı söylədiklərinə etibar etmək olmaz. Onun sözlərinə görə, səudiyyəlilərin Xaşuqcinin ölümünə gətirib çıxaran hadisələri ört-basdır etməsinin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı istintaq aparmalıdır.

Hadid deyib ki, Səudiyyə Ərəbistanı beynəlxalq biznes əlaqələrini qoruyub-saxlamaq üçün məsələni ört-basdır etməyə əl atıb.

Şənbə günü Səudiyyənin ictimai prokuroru bildirib ki, Xaşuqcinin ölümü ilə əlaqəli olaraq 18 səudiyyə vətəndaşı həbs olunub. Prokurorun bəyanatında kral Salman kral ailəsinin müşaviri və şahzadə Məhəmmədin sağ əli hesab edilən Səud Kahtani və kəşfiyyat idarəsinin rəis müavini Əhməd Əsiri də daxil olmaqla beş rəsminin vəzifələrindən azad edildiyi bildirilib.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğun qapısı
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğun qapısı

Prokuror Xaşuqcinin ölümü ilə bağlı istintaqın davam etdiyini söyləyib.

Bundan əlavə Dövlət mediası bildirib ki, kral Salman baş kəşfiyyat idarəsinin yenidən qurulması üçün şahzadənin başçlığı altında nazirlər komitəsinin yaradılmasına göstəriş verib.

Türkiyə polisi Səudiyyə Ərəbistanının baş konsulu Məhəmməd Əl Otaibinin iqamətgahında axtarış aparır. 17 oktaybr, 2018
Türkiyə polisi Səudiyyə Ərəbistanının baş konsulu Məhəmməd Əl Otaibinin iqamətgahında axtarış aparır. 17 oktaybr, 2018

Türkiyə müstəntiqləri cümə axşamı İstanbulda Səudiyyə Ərəbistanı konsulluğunda və konsulun yaxınlıqda yerləşən iqamətgahında səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümü ilə əlaqədar axtarış həyata keçirib.

Türkiyə rəsmiləri onun binada ikən öldüyünü söyləyirdilər. Türklər onlarda Xaşuqcinin öldüyünə dair video və audio dəlillərin olduğunu beynəlxalq mediaya bildirmişdilər. Lakin daha öncə Səudiyyə Ərəbistanı ittihamları rədd etmiş, Xaşuqcinin konsulluğu tərk etdiyini söyləmişdi.

XS
SM
MD
LG