Accessibility links

İnsan haqları təşkilatı İranı son etirazlar zamanı saxlanılanları sərbəst buraxmağa, qanun pozuntularını araşdırmağa çağırır


Human Rights Watch (HRW) İran hakimiyyətini Xuzistan və digər əyalətlərdə su çatışmazlığı və iqtisadi çətinliklərə qarşı etiraz nümayişləri zamanı saxlanılanları "dərhal və qeyd-şərtsiz" sərbəst buraxmağa və ölümcül gücdən sui-istifadə hallarını araşdırmağa çağırıb.

İranda iyulun 15-də böyük etnik ərəb əhalisi olan Xuzistan vilayətinin onlarla şəhər və qəsəbələrində başlayan nümayişlər daha sonra ölkənin digər bölgələrinə, o cümlədən Tehranın bəzi hissələrinə də yayılıb. İranda son ən azı 50 ildə baş verən ən güclü quraqlıq həftələrlə elektrik enerjisinin kəsilməsinə də səbəb olub.

İranın neft sənayesinin minlərlə işçisi də daha yaxşı maaş və iş şəraiti üçün tətillər başladıb.

Etirazlar zamanı ən azı 9 etirazçının öldüyü və çox sayda insanın nəzarətə alındığı bildirilib.

"Tələfatların artması və kütləvi həbslər, İran hakimiyyətinin Xuzistan və digər əyalətlərdəki son etirazlara reaksiyası ilə əlaqədar ciddi narahatlıqlar doğurur" – deyə, HRW bildirib.

Quraqlığa əlavə olaraq, İranın iqtisadiyyatı ABŞ sanksiyaları və COVID-19 pandemiyası səbəbindən ağır zərbə alıb. İllik inflasiya 50%-dən çoxdur və işsizlik artmaqdadır. Təqaüdçülər etiraz edir, insanlara əmək haqqı borclarının olduğu bildirilir.

"İranın siyasi liderlərinin əsas hüquqlarla bağlı geniş yayılmış tələblərə verdiyi ilk cavab nəzarətsiz repressiya olub" – deyə, HRW-dəki İran tədqiqatçısı Tara Seperi Far bildirib.

Xuzistandan etirazlar İsfahan, Lorestan, Şərqi Azərbaycan, Tehran və Kərəc də daxil olmaqla bir neçə başqa vilayətlərə yayılıb.

HRW hüquq qruplarının Xuzistan və Lorestanda 17 yaşındakı bir oğlan da daxil olmaqla, nümayişlər zamanı güllələnən və ya yaralanaraq ölən ən azı doqquz nəfərin şəxsiyyətlərini təsdiqlədiyini açıqlayıb.

HRW ən azı 171 nəfərin həbs olunduğunu deyərək, ölüm və həbslərin həqiqi sayının daha çox ola biləcəyini qeyd edib.

Nyu-Yorkda qərargahlanan qrup Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına üzv ölkələri genişmiqyaslı etirazlar zamanı və sonrasında iddia olunan ciddi hüquq pozuntularına dair BMT rəhbərliyi ilə araşdırma başlatmağa çağırıb.

"Yalnız etirazçıların ölümü ilə əlaqədar şəffaf araşdırma, təhlükəsizlik qüvvələrini qanunsuzluğa görə məsuliyyətə cəlb etmə və uzunmüddətli şikayətləri həll etmək üçün bir öhdəlik yerli əhalinin hakimiyyətə olan inamdakı itkini həll etməyə başlaya bilər" – deyə, HRW bildirib.

XS
SM
MD
LG