Accessibility links

İnsidentdən sonra Rusiyanın 93 nəfər Azərbaycan vətəndaşını saxladığı bildirilir


Rusiyanın Azərbaycanla sərhədində aksiya zamanı saxlanılanlar

İyunun 16-da Rusiyanın Azərbaycanla sərhədində iki ayadək gözləyən 155 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Hazırda dövlət sərhədinin Rusiya tərəfində, Dağıstanın Qullar qəsəbəsində ölkəyə dönməyi gözləyən 400-ə yaxın Azərbaycan vətəndaşı qalır.

Bu barədə Amerikanın Səsinə hazırda Qullar qəsəbəsindəki çadır düşərgəsində qalan Azərbaycan vətəndaşı Elşən Muxtarov bildirib.

Onun sözlərinə görə, iyunun 16-na keçən gecə polislə toqquşmadan sonra düşərgədə vəziyyət sakitdir.

“Bizim istəyimiz Azərbaycana, ailəmizin yanına qayıtmaqdır. Mən iki aydır buradayam. Əvvəlcə betonun üstündə yatırdıq, sonra çadır düşərgəsi yaratdılar. Qaytarılma prosesi ləng gedir. Həftədə 100-120 nəfər buraxırlar. Problem ondadır ki, seçim anlaşılmaz meyarlar üzrə aparılır. Biz artıq iki aydır ki, burada yaşayırıq, yeni gələnləri buraxırlar. Ədalət olmalıdır,” Muxtarov bildirib.

Polislə toqquşmadan sonra saxlanılanların taleyi ilə bağlı sualın cavabında Elşən Muxtarov deyib ki, 93 nəfər saxlanılıb. İki yeniyetməni sərbəst buraxıblar.

“Bildiyimiz qədərilə qalanlarına gündəlik həbs veriblər,” o qeyd edib.

Bununla yanaşı, Dağıstan İstintaq Komitəsinin mətbuat xidməti bildirir ki, iyunun 15-də baş vermiş iğtişaşla bağlı Rusiya Cinayət Məcəlləsinin 318 (hakimiyyət nümayəndəsinin həyatı üçün təhlükəli olan zorakılığın tətbiqi) və 167-ci (başqasının əmlakına qəsdən zərər vurma) maddələri ilə cinayət işi açılıb.

Məlumatda deyilir ki, iyunun 15-də 400-ə yaxın Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan sərhəddinin yaxınlığında “Qafqaz” federal avtomobil yolunu bağlamağa cəhd edib. Onlar polisə müqavimət göstəriblər və onlara daş ataraq “həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq ediblər”.

Nəticədə doqquz polis əməkdaşı xəsarət alıb, beş xidməti avtomobilə ziyan dəyib, 400 min rubla yaxın ziyan dəyib. Bu cinayətlərin törədilməsində şübhəli kimi 10 nəfər saxlanılıb, Dağıstan İstintaq Komitəsi bildirib.

Rusiya-Azərbaycan sərhədində iğtişaşlar iki aydan çox sərhəddə gözləyən Azərbaycan vətəndaşının ölkəyə buraxmamasından sonraya təsadüf edir. Sərhəddə uzun müddət gözləməkdən səbrləri daşan Azərbaycan vətəndaşları laqeydliykidən hiddətlənərək sərhədi keçməyə qərar verib.

Dərbənd rayonunun rəhbəri Fuad Şahıyev bildirib ki, narazı vətəndaşlar iki aydan çoxdur çadır düşərgəsində yaşayan və yaxın vaxtlarda Azərbaycana qayıtmasına icazə verilən şəxslərin siyahısına düşməyənlərdir. Koronavirusun yayılması ilə bağlı məhdudiyyətlər səbəbindən onlar sərbəst şəkildə sərhəddi keçə bilmirlər.

Fuad Şahıyev həmçinin deyib ki, Azərbaycan tərəfi 100-200 nəfəri ölkəyə buraxır, onların əvəzində sərhədə Rusiya ərazisində qalan daha çox azərbaycanlı toplaşır.

XS
SM
MD
LG