Accessibility links

İntihar etmiş şagirdin işi üzrə məhkəmə başlayıb


Elina Hacıyeva
Elina Hacıyeva

Sentyabrın 12-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakının 162 saylı məktəbinin keçmiş direktoru Sevinc Abbasovanın işi üzrə hazırlıq iclası olub.

Həmin məktəbin 8-ci sinif şagirdi, intihar etmiş Elina Hacıyevanın valideynləri keçmiş direktorun və Təhsil Nazirliyinin onlara 100 min manat kompensasiya ödəməsi tələbilə məhkəməyə müraciət edib.

Prosesin açıq olmasına baxmayaraq, jurnalistləri məhkəmə binasına buraxmayıblar. Halbuki, bundan əvvəl Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, jurnalistlər bütün açıq məhkəmə iclaslarına buraxılmalıdır.

Jurnalistlərə iclasın yekunlarına dair informasiyanı məktəblinin valideynlərinin vəkilləri təqdim verib. Müdafiə tərəfi işin ilkin istintaqa qaytarılması barədə vəsatət qaldırıb, çünki iş kobud səhvlərlə aparılıb.

Əsasən Elina Hacıyevanın vəfat etdiyi xəstəxananın həkimləri məsuliyyətə cəlb edilməyiblər, baxmayaraq ki, iki gün ərzində onlar müxtəlif rəylər veriblər. İlkin rəyə görə, Hacıyevanın ağciyərinin bir tərəfi yüngül zədələnib. İkinci rəydə isə ağciyərin hər iki tərəfinin funksiyasını itirdiyi göstərilib.

İlkin istintaq müstəqil ekspertin cəlb edilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Digər vəsatət məktəb direktorunun həbsə alınması barədə rəyin vacibliyi ilə bağlı olub. Hər iki vəsatət təmin edilməyib.

Əvvəllər özünü qismən günahkar sayan Sevinc Abbasova indi ittihamları rədd edərək işin dayandırılması barədə vəsatət qaldırıb.

Məhkəmə onun vəsatətini təmin etməyib.

Eyni zamanda məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edərək 100 min manat kompensasiya ödənilməsi barədə zərərçəkən tərəfin mülki iddiasını icraata qəbul edib. Cavabdeh qismində təkcə Sevinc Abbasova yox, həm də Təhsil Nazirliyi cəlb edilib.

Mahiyyəti üzrə dinləmələr sentyabrın 18-nə təyin edilib.

Məktəbin keçmiş direktoru Sevinc Abbasovaya qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddələri ilə ittiham irəli sürülüb. Lakin Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə heç kim məsuliyyətə cəlb edilməyib.

Müdafiə tərəfi hesab edir ki, Sevinc Abbasova istintaq müddətində həbsdə olmalıdır, çünki azadlıqda şahidlərə təsir göstərə bilər.

Bundan əlavə, vəkillər Elina Hacıyevanı xəstəxanaya daxil olduğu anda xilas etməyin mümkün olub-olmamasını müəyyən etmək üçün təcrübəli mütəxəssisin cəlb edilməsilə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb.

İlkin ekspertiza rəyinə görə, məktəbli qız xəstəxanaya daxil olduğu anda onu xilas etmək mümkün olmayıb. Lakin Elinanın anası hesab edir ki, ona lazımi tibbi yardım göstərilməyib və xəstəxanada nəzarətsiz qalıb.

2019-cu il aprelin 8-də 162 saylı məktəbin şagirdi Elina Hacıyeva (2004-cü ildə anadan olub) məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Fakt üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlayıb. Lakin indiyədək bu ittiham üzrə təqsirləndirilən şəxs olmayıb.

Məktəbin direktoru Sevinc Abbasova iş üzrə məsuliyyətə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG