Accessibility links

İntiqam Əliyev: Siyasi məhbus məsələsi sistemdən qaynaqlanan problemdir


İntiqam Əliyev
İntiqam Əliyev

Amarikanın Səsi: Bu günlərdə təmsil etdiyiniz qurum – Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrup 108 nəfərin adı daxil edilən yeni siyahını yayıb. Öncə bu və ya digər şəxsin siyasi məhbus sayılıb-sayılmaması barədə qərar verərkən hansı meyarlara əsaslanırsınız?

Terror cinayətinə görə azadlıqdan məhrum edilən şəxs məhz əmələ görə məsuliyyətə cəlb edilib və məhkum olunubsa, siyasi məhbus sayıla bilməz.

İntiqam Əliyev: Qərar verdiyimiz zaman Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində təsbit edilmiş meyarları əsas tuturuq. Həmin sənədə görə, azadlıqdan məhrum edilmiş şəxs aşağıdakı hallarda siyasi məhbus sayılır: Həbs Avropa Konvensiyası və onun protokollarında təmin olunan fundamental hüquqlardan birinin, xüsusilə fikir, vicdan və din azadlığı, ifadə və informasiya azadlığı, toplaşma və birləşmə azadlığının pozuntusu ilə bağlıdırsa; heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə; siyasi səbəblərdən cəza və ya onun şərtləri cinayətlə aşkar şəkildə proporsional deyilsə və ya şəxs başqa şəxslərlə müqayisədə ayrıseçkiliyə məruz qalıbsa; cəzalandırma ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə və bunun arxasında siyasi motivlər dayanırsa. Terror cinayətinə görə azadlıqdan məhrum edilən şəxs məhz əmələ görə məsuliyyətə cəlb edilib və məhkum olunubsa, siyasi məhbus sayıla bilməz.

Qərar əksər hallarda istintaq və məhkəmə sənədləri, məhkəmə proseslərinin monitorinqləri, vəkillərin verdiyi məlumatlar, yerli və beynəlxalq mediada dərc edilən yazılar, yerli və beynəlxalq hüquq normları araşdırılmaqla və müzakirələrdən sonra verilir.

Amarikanın Səsi: Sizcə razılaşma asanmı başa gəlir?

Elə işlər var ki, həbsin siyasi motivli olması kor-kor, gör-gördür. Çox uzağa getməyim, elə sonunucu həbslər - Tofiq Yaqublunun, Niyamədin Əhmədovun, Səid Bakuvinin və başqalarının işləri kimi.

İntiqam Əliyev: Elə işlər var ki, həbsin siyasi motivli olması kor-kor, gör-gördür. Çox uzağa getməyim, elə sonunucu həbslər - Tofiq Yaqublunun, Niyamədin Əhmədovun, Səid Bakuvinin və başqalarının işləri kimi. Bir də, elə işlər var ki, siyasi motiv dərində gizlənir, onu görmək üçün daha çox araşdırma və səy lazım gəlir. Hökumət bu həbslərə korrupsiya, terror, ekstremizmlə mübarizə görüntüsü verib elə pərdələyir ki, bəzən bizim də öz aramızda razılığa gəlməyimiz asan olmur. Sonra isə topluma heç də həmişə anlatmaq asan olmur ki, kimsənin hansısa milli azlığın hüquqlarının pozulduğunu çox sərt şəkildə bəyan etməsi, bunu düşmən sayılan ölkənin tribunalarından səsləndirməsi, bunların çoxluğa xoş gəlməməsi, hətta onun hisslərinə toxunması ekstremizm deyil; ya da xaricdən inqilaba çağırış edən kimsənin burada bir başqasına pul göndərməsi həmin şəxsi avtomatik terrorçuluqda ittiham etmək üçün əsas vermir. Hökumət həm birinci, həm də ikinci halda cinayətkar niyyətin mövcudluğu və həmin yöndə real addımların atıldığı və çox sayda başqa faktları, təsdiqləyici sübutları ortaya qoymalıdır.

Biz “Gəncə işi” çərçivəsində Yunus Səfərovu icra başçısına sui-qəsdə görə siyasi məhbus tanımaqdan bu başdan imtina etdik. Onun hüquqlarının digər pozuntuları (işgəncə, prosessual pozuntular və s.) ilə bağlı məhkəmələrdə iş qaldırılsa, ona dəstək vermək olar. Amma o siyasi məhbus sayıla bilməz, çünki əməlində zorakılıq var, qan töküb; o qanın kimə məxsus olmasının heç bir önəmi yox. Amma onun müdafiəsinə dəstək, yerli şah və xanların zülmünə etiraz olaraq dinc toplantıya çıxanların və heç bir zorakılığa yol verməyənlərin həbsi isə (döyülmə, təhqir olunma, işgəncələrlə bir yerdə) siyasi motivlidir. Siyahımızda Firudin Zeynalov adlı bir nəfərin adı var: onu həmin toplantıda iştirakına görə mühakimə ediblər. Sonradan elə həmin hadisələrlə, amma başqa epizod - zorakılıqla bağlı epizod üzrə barəsində daha bir cinayət işi qaldırılıb. Biz onu birinci cinayət işi ilə bağlı siyasi məhbus kimi tanıdıq, ikinci cinayət işi üzrə isə yox.

Bəzən elə hallar olur ki, işi bir neçə dəfə müzakirəyə çıxarırıq, amma topladığımız məlumatlar qərar vermək üçün yetərli olmur. Onu da vurğulayım ki, qrup üzvləri həqiqəti bildiklərində hətta dədələrinə də güzəştə gedən deyillər. Belə dürüst insanlarla işləmək çətindir, amma çox xoşdur.

Amerikanın Səsi: Bəs çoxluğun haqlı olaraq korrupsioner saydığı adamlar necə? Ən çox qınaqlar bəzən bu adamların siyasi məhbus sayılması ilə bağlı olur. Bununla bağlı da münasibətinizi bilmək maraqlı olardı.

Siyasi məhbus sayılmaq həmişə o anlama gəlmir ki, həmin şəxsin heç bir günahı yoxdur və azad olunmalıdır.

İntiqam Əliyev: Bəli, belə bir problem də var. AŞPA-nın yuxarıda bəhs etdiyim meyarları bu cür adamları da siyasi məhbus saymağa imkan verir. İnsanları bir şey çaşdırır. Siyasi məhbus sayılmaq həmişə o anlama gəlmir ki, həmin şəxsin heç bir günahı yoxdur və azad olunmalıdır. Yanlışlıq burdan qaynaqlanır. Məsələn, kimsə oğurluq edib, dövlət büdcəsini dağıdıb, amma onu buna görə mühakimə etmirlər, oğurladığını daha böyük oğru (oğrular) onun əlindən almaq istəyir. O da razılaşmayanda – həmin o böyük oğrunu (oğruları) burdamı, ya qaçıb xaricdəmi tənqid etməyə başlayanda tutub ya da xaricdən gətizdirib damlayırlar. Yəni tutulan o pulları həqiqətən oğurlayıb, ya da nə vaxtsa mitinqdə adam döyüb, amma onu həmin əməllərinə görə yox, böyüklərinin üzünə ağ olduğu, onların tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün cəzalandırıblar. Normal yanaşmadır. Hakimiyyətlərə də (elə toplumlara da) mesaj budur: cinayət törətməkdə şübhəli bilinən hər bir şəxs müstəqil məhkəmələr tərəfindən və ədalət mühakiməsinin prinsipləri əsasında mühakimə olunmalıdırlar, siyasi sifariş əsasında yox. Həmin adam istər tənqidçi siyasətçi, jurnalist olsun və ya hüquq müdafiəçisi olsun, istərsə də korrupsioner...

Amerikanın Səsi: Bir neçə siyahının olması, bəzən də siyahılardakı say əsas müzakirə mövzularıdır. Bununla bağlı nə deyə bilərsiniz ?

Sayın çoxluğu ilə bağlı. Qrupumuz hər dəfə siyahını yeniləyəndə vurğulayır ki, ölkədə siyası məhbusların sayı göstərdiyimizdən qat-qat çoxdur. Təəssüf ki, repressiv mühit səbəbindən bəziləri adlarının siyahıya salınmasından qorxur.

İntiqam Əliyev: Birgə sənəd tərtib etmək cəhdləri olub, amma alınmayıb. Kimlərləsə bir yerdə ola bilmərik, tamam fərqli dəyərlər səbəbindən. Bir başqaları ilə birgə işə daha çox subyektiv amillər mane olur. Bir siyahı olsaydı, daha yaxşı olardı, amma olmaması faciə deyil. Təcrübə göstərir ki, hamını bir çətir altına yığmaq, hamıdan eyni cür düşünməyi tələb etmək çağırışları heç də hər zaman faydalı olmur, əksər hallarda hətta ziyana işləyir.

Sayın çoxluğu ilə bağlı. Qrupumuz hər dəfə siyahını yeniləyəndə vurğulayır ki, ölkədə siyası məhbusların sayı göstərdiyimizdən qat-qat çoxdur. Təəssüf ki, repressiv mühit səbəbindən bəziləri adlarının siyahıya salınmasından qorxur. Çox adamın vəkili olmur, işləri ictimailəşdirilmir. Bəzilərinin cinayət işinin materiallarını əldə etməkdə çətinlik olur...

Hökumət və onun yandaşları çalışırlar ki, hər yalanlarla bu və buna oxşar digər siyahıları da gözdən salsınlar. Aralarında bu işlə məşğul olan QHT-lər, hüquq müdafiəçiləri də var. Ölkə daxilində, beynəlxalq təşkilatlarla görüşlərdə, ayrı-ayrı tribunalarda “bunlar ekstremistləri, terroristləri, korrupsionerləri də siyahıya salıblar”, “bunların qrant maraqları var” deyə hay-küy salırlar. Yeri gəlmişkən, onu deyim ki, öncədən qrup üzvləri olaraq belə qərara gəlmişik ki, bu işi ictimai əsaslarla görəcəyik. Bu günə qədər gördüyümüz işə görə kimsədən bir manat da yardım almamışıq; hərçənd bu cür işlərə görə kimsə dəstək alırsa, bunda pis bir şey yoxdur. Peşəkar və vicdanlı yanaşma tələb edir ki, hər bir işlə bağlı çoxsaylı sənədlərlə tanış olasan, vəkillərlə, lazım gəldikdə onların vasitəsilə məhbuslarla ünsiyyətə girəsən, məhkəmələrin monitorinqini aparasan, müzakirələr keçirəsən və s. Bütün bunlar yetərincə vaxt və zəhmət istəyir: Mən dostlarıma minnətdaram: onlar bunu əsirgəmirlər.

Amerikanın Səsi: Sizin kimisə siyasi məhbus saymağınız hansı anlama gəlir?

Siyasi məhbus problemin həlli siyasi məhbus istehsal edən sistemin dəyişikliyindən keçir.

İntiqam Əliyev: Bəzən bu cür qəbul edənlər də var. Siyasi məhbus siyahısına salınma üçün əsaslar ən müxtəlif ola bilər. Yuxarıda qeyd etdiyim kimi, kimisinin əməlində heç bir cinayət tərkibi yoxdur, hökumət onun ağzını yummaq üçün həbsə atıb. Bu şəxslər, əslində, dərhal azad olunmalıdır. Bir başqaları cinayət ediblər, amma etdikləri cinayətə görə yox, qondarma ittihamlarla mühakimə olunublar və ya kəsilən cəza etdiyi əmələ adekvat deyil, çox sərtdir. Cinayət təqibi sırf ifadə azadlığı, ideoloji qaynaqlanan tənqidlə bağlı olmaya da bilər (“siyasi məhbus” və “vicdan məhbusu” ifadələrinin məna fərqi bundadır; hər bir vicdan məhbusu həm də siyasi məhbusdur, amma əksi olmaya da bilir). Məsələn, cəzalandırma yolu ilə əmlakı ələ keçirmək niyyəti, siyasi motivlərdən qaynaqlanan ayrıseçkilik (bu ailəyə yaxındır, daha loyal və sədaqətlidir və s., o biri yox), yaxınlarını susdurmaq cəhdi və s. Bu işlərə ədalətli mühakimə keçirilməklə yenidən baxılmalıdır.

Bu cür siyahılar məqsəd deyil, vasitədir. Özü də, çox sayda vasitələrdən biri. Elə adamlar var ki, adları heç bir siyahıya salınmasa belə, həm ölkə daxilində, həm də kənarda siyasi olmaları heç kəsdə (sifarişli, qərəzli rəyləri, yanaşmaları nəzərdə tutmuram) şübhə doğurmayacaq, onların daha qısa müddətdə (təəssüf ki, bizdə bu cür işlərdə qısa müddət bir, iki, üç il də ola bilir) azadlığa çıxma şansları daha çoxdur. Elələri də var ki, adları çox siyahıya salına bilər, amma illərlə həbsxanada yata bilərlər: Məsələn, dindarlar, Səid Dadaşbəylinin dəstəsi, ömürlüklərdən bəziləri, elə 10 ildən çox yatmış Əli İnsanovun özü...

Siyasi məhbus problemin həlli siyasi məhbus istehsal edən sistemin dəyişikliyindən keçir, o qaldıqca, siyasi plüralizm, media azadlığı, vətəndaş cəmiyyətinin normal fəaliyyəti üçün mühit olmayacaq, məhkəmələr, hüquq-mühafizə orqanlarından fərqli düşüncəni əzmək üçün istifadə olunacaq, hakimiyyət bir ailənin əlində cəmləşməkdə davam edəcək, siyasi məhbus problemi də qalacaq. Ona görə, biz dostlarımızın həbsdən çıxmaları üçün çalışmalıyıq, amma bunun sistemdən qaynaqlanan problem olduğunu, onun dəyişməsinin vacibliyini həm topluma, həm də bu işlə birbaşa məşğul olan Avropa Şurası da daxil, beynəlxalq qurumlara çatdırmalıyıq.

Amerikanın Səsi: Avropa Şurasından söz düşmüşkən. Hazırda Azərbaycan Qərb münasibətlərinin durumunu necə qiymətləndirirsiniz?

Qaz boruları, hara deyirsiniz, əl-ələ verib çəkək. Neft lazımdır, ən aşağı qiymətə nə qədər istəyirsiniz götürün. Kilsənin təmiri – 3-5 milyon olsun Papaya peşkəş! Amma bircə bu demokratiya, insan hüquqları, referendum, siyasi məhbus problemlərini qaldırmayın.

İntiqam Əliyev: Baxır hansı mövzulardan söhbət gedir. Bizim hakimiyyət Qərblə müsbət yöndə istənilən məsələdə danışıqlara, əməkdaşlığa, dostluğa, hətta qardaşlığa hazırdır: məsələn, Avropa Oyunlarında əməkdaşlıq, bəli. Formula 1, buyurun. Şahmat olimpiadası, nə deyirsiniz edək. Qaz boruları, hara deyirsiniz, əl-ələ verib çəkək. Neft lazımdır, ən aşağı qiymətə nə qədər istəyirsiniz götürün. Kilsənin təmiri – 3-5 milyon olsun Papaya peşkəş! Amma bircə bu demokratiya, insan hüquqları, referendum, siyasi məhbus problemlərini qaldırmayın. Qaldırsanız, bizim yox, erməninin dostu olursunuz. Amma indi daha bu cür məsələlərdə AŞ-ınn yüksək vəzifəli rəsmiləri də daxil, lazım olan səsləri qazanmaq üçün üzvlərinin xeyli hissəsinin dəstəyini “kürü” hesabına almaq dövrü arxada qalıb. Bundan sonra belə şeyləri rahatlıqla etmək mümkün olmayacaq. Avropa Şurasında, elə ölkədə də, siyahını boşalt tələbi ilə yanaşı, sistemi dəyiş tələbi daha bərkdən səslənməkdədir. Sistemi dəyişmək oturduğun budağı baltalamaqdır. Əliyevlər və ya az qala onlara alternativ kimi təqdim olunan Paşayevlər buna gedəsi deyillər. Amma gec-tez bütün siyahıların birdəfəlik boşaldığı vaxt gəlib çatar. Biz də ona doğru gedirik, əminəm buna.

Qeyd: Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmir. İnsanların qanun qarşısında bərabər olduğunu, siyasi əqidəyə, fikirlərə görə təqiblərin olmadığını bildirir. Prezident İlham Əliyev Azərbaycanda söz, fikir, media, sərbəst toplaşmaq azadlığı da daxil olmaqla bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edib.

Bununla yanaşı yerli hüquq müdafiəçiləri yüzdən çox siyasi məhbusun olduğunu bildirir. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib. Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəalaiyyət göstərir.

Azərbaycan beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb. ABŞ Dövlət Departamenti və çoxsaylı beynəlxalq təşkilatlar ölkədə insan hüquqlarının sistematik pozulduğunu bildirir.

XS
SM
MD
LG