Baş Prokurorluq hüquqşünas İntiqam Əliyevin rəhbərlik etdyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisini özünə qaytarıb. Ofis qapıları beş il öncə İntiqam Əliyev həbs edilərkən istintaq orqanı tərəfindən axtarış aparıldıqdan sonra möhürlənmişdi.
Bu müddətdə ofisin mülkiyyətçisi və təşkilat özü prokurorluqdan ofisin qaytarılmasını tələb edib, amma nəticəsi olmayıb. Lakin sentyabrın 13-də prokurorluq ofisi və 2014-cü ilin avqustunda istintaq tərəfindən ofisdən götürülmüş bütün sənədlər İntiqam Əliyevə qaytarılıb.
"Yerli məhkəmələrdə, həmçinin Avropa İnsan Hüquqları Məhkməsində apardığımız işlərə dair materialları geri qaytardılar. Yeri gəlmişkən, həmin işlər üzrə kommunikasiya zamanı hökumət daim bildirirdi ki, guya bütün sənədləri 2015-ci ilin oktyabrında mənim vəkilimə veriblər. Dünən 150-dən çox işi mənə qaytardılar" Əliyev qeyd edib.
Həmçinin 2015-ci ildə aparılmış axtarış zamanı müsadirə edilmiş maliyyə sənədləri də qaytarılıb.
O, belə dönüşün dəqiq səbəblərini açıqlamağa çətinlik çəkib. Lakin ola bilsin ki, bu, Avropa Şurası Parlament Assambleyasının prezidentinin bu yaxınlarda Bakıya səfəri ilə əlaqədardır.
Həmin günlərdə Avropa Şurası insan hüquqları və qanunun aliliyi üzrə direktorluğun rəhbəri Xristos Sakumopulosun səfəri olub. O, baş prokuror Zakir Qaralov ilə görüşüb. Bəzi məlumatlara görə, Strasburq təmsilçisi insan hüquqlarının pozulması və QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması məsələsini ciddi şəkildə qaldırıb.
Bununla yanaşı İntiqam Əliyevə qarşı bəzi məhdudiyyətlər davam edir. Belə ki, təşkilatın bank hesabları və onun şəxsi hesabı həbs altındadır və onun ölkədən çıxışına qadağa qoyulub.
Əliyev vəkillik fəaliyyəti ilə məşğul ola bilmir. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına görə, Vəkillər Kollegiyasının Əliyevi və digər tanınmış hüquqşünas Ənnağı Hacıbəylini bu quruma qəbul etməkdən imtina etməsi qanunsuzdur.
Bundan əlavə, 2014-cü ildən İntiqam Əliyevə Avropa Məhkəməsində qazanılan işlər üzrə hüquqi xidmətlərə görə qonorar ödənilmir.
Əliyev hesab edir ki, hakimiyyət fəalların üzərindən məhdudiyyətləri "doza" ilə götürür və onların işlərindən beynəlxalq təşkilatlarla alver predmeti kimi istifadə edir.
İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunmuşdu və mənimsəmə, vergidən yayınma ittihamı ilə 7,5 il azadlıqdan məhrum edilmişdi.
Amnesty İnternational beynəlxalq təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.
2016-cı il martın 28-də Azərbaycan Ali Məhkəməsi İntiqam Əliyevin real həbs müddətini şərti cəza ilə əvəzləyərək onu azad edib.