Accessibility links

İntizam komissiyası deputatın toxunulmazlığına xitam verilməsinə müsbət rəy verib


Milli Məclisin İntizam komissiyası bu gün, avqustun 2-də keçirilən iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs verib.

Məsələ müzakirələrdən sonra parlamentin sabah, avqustun 3-də keçiriləcək növbədənkənar sessiyasının plenar iclasına tövsiyə olunub.

İntizam komissiyasının iclasında deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.

Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, iyulun 29-da Xaçmaz şəhərində (Bakıdan 168 kilometr şimal) yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər ki, insident deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində gecə saat 12-dən sonra qeydə alınıb.

“Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib,” Mətbuat Xidmətinin əməkdaşı qeyd edib.

Yerli mənbələrin məlumatına görə, deputat sərxoş olub və Xaçmaz Rayon Polis Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevə xəsarət yetirib.

Milli Məclisin İnitzam Komissiyasının sədr müavini Fəzail Ağamalı Amerikanın Səsinə müsahibəsində bildirib ki, deputat baş vermis hadisə ilə bağlı peşmançılığını ifadə edib.

“O üzr istədi. Respublika prokurorunun təqdimatına iradının olmadığını bildirdi. İclasda komissiyanın 9 üzvü çıxış etdi və hərəkətlərinə görə Eldəniz Səlimovu qınadı.Komissiya üzvləri onun bu hərkətini yolverilməz hesab etdilər və millət vəkilinə yaraşmayan davranış kimi qiymətləndirdilər,” o qeyd edib.

Deputat Səlimov dünən onu bu hərkətə vadar edən təhdid və təzyirlər olduğunu deyib. Bununla bağlı sualın cavabında Ağamalı deyib ki, komissiyanın iclasında Eldəniz Səlimov bu barədə danışmayıb.

“Sadəcə komissiya üzvləri bildirdilər ki, əgər ona qarşı təzyiq və təhdid olubsa, həm vətəndaş, həm də deputat kimi müvafiq orqanlara müraciət etməli idi. Amma o bunu etmədən qeyri-qanuni üsullardan istifadə edib. Buna hüquqi qiymət verilmədiuir. Bir sıra komissiya üzvləri Səlimova tövsiyə etdilər ki, iradaları varsa, təzyiq və təhdidlər olubsa istintaqın gedişində fikirlərini bildirsin,” İntizam Komissiyasının sədr müavini qeyd edib.

Bununla yanaşı, Ağamalının sözlərinə görə, Səlimovdan sual edilib ki, ona qarşı təhdid və təzyiqin mənbəyi barədə məlumat versin.

“Amma o, təhdid və təzyiqin mənbəyini demədi,” komissiya sədrinin müavini bildirib.

XS
SM
MD
LG