Accessibility links

İqtidar partiyası parlament seçkilərində müdafiə etdiyi namizədlərin siyahısını açıqlayıb


Yeni Azərbaycan Partiyası

Dekabrın 27-də hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyəti 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərinin siyahısını açıqlayıb. Partiya 125 seçkli dairəsindən 123-də deputatlığa namizəd irəli sürüb.

YAP 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsində deputat mandatı uğrunda mübarizəyə qoşulmayıb. Ötən seçkilərdə bu dairədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, bitərəf Səttar Mehbalıyev seçilib. Həmçinin YAP 122 saylı Xankəndi dairəsində də namizəd irəli sürməyib. Müşahidəçilərin fikrincə, hakimiyyət bu seçki dairəsindən Dağlıq Qarabağın azərbaycanlı icmasının lideri Tural Gəncəliyevə istinad edəcək.

YAP-ın siyahısında keçmiş deputatlar, SOCAR prezidenti Rövnəq Abdullayev və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov yoxdur. YAP vitse-spiker, partiyanın icra katibinin müavini Bahar Muradovanın da namizədliyini irəli sürməyib. Namizədlərın sırasında YAP-ın təsisçilərindən, Regional məsələlər komitənin sədri Arif Rəhimzadə və Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev də yoxdur.

YAP yenidən spiker Oqtay Əsədov, birinci vitse-spiker Ziyafət Əsgərov, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun deputatlığa namizədliyini irəli sürüb.

Həmçinin YAP növbəti dəfə öz siyahısına Aqrar komitənin sədri Eldar İbrahimov, Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynli, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvani, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, partiya Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Rauf Əliyev, Nizami Cəfərov, Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin redaktoru Hikmət Babaoğlu, “Azərbaycan” qəzetinin redaktoru Bəxtiyar Sadıqov, politoloq Elman Nəsirov, AŞPA-da nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Sahib Qafarov, rus icmasının rəhbəri Mixail Zabelin, Sosial məsələlər komitəsi sədrinin müavini Musa Quliyev, sahibkarlar Tahir Mirkişili, İqbal Məmmədov, Cavanşir Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin qardaşı) və başqalarını daxil edib.

Bu partiya seçki dairələrinin üçdə ikisində yeni şəxslərin namizədliyini irəli sürüb. Ekspertlər namizədliyi medafiə edilən yeni simaların bir çoxunu tanımır. Onların bəzilərinin fəaliyyəti barədə hətta axtarış sistemlərində belə məlumat tapmaq mümkün deyil.

Yeni namizədlərin siyahısında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova diqqəti çəkir.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Dekabrın 5-də prezident növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam imzalayıb.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi Partiyası seçkiləri boykot edir. Bu qurumlar seçkiləri boykot etmələrini ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırır. Dövlət rəsmiləri və Mərkəzi Seçki Komissiyası azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bəyan edir.

Bununla yanaşı, ATƏT-in seçki müşahidəsi üzrə ixtisaslaşmış Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda indiyədək keçirlən seçkilərin ATƏT standartlarına uyğun olamdığını bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG