“Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə 257 ABŞ şirkəti fəaliyyət göstərir. Ölkələrimiz investisiyalar sahəsində də uğurla əməkdaşlıq edir. Belə ki, ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda 12,8 milyard ABŞ dolları olmaqla, ümumilikdə, 14 milyard ABŞ dollara çatıb. Bununla da, ABŞ Azərbaycanda ikinci ən böyük investordur.”
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Iqtisadiyyat Nazirliynin məlumatına görə, koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyata mənfi təsirləri barədə danışarkən Mikayıl Cabbarov bildirib ki, postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir.
ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda 12,8 milyard ABŞ dolları olmaqla, ümumilikdə, 14 milyard ABŞ dollara çatıb.Mikayıl Cabbarov, iqtisadiyyat naziri
“Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlərdəndir,” o qeyd edib.
İqtisadiyyat naziri ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.
Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının hədəf kimi müəyyən edildiyini, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılmasının önəmini, rəqəmsal iqtisadiyyatın qurulması sahəsində ölkəmizin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.
Nazirlik bildirir ki, videokonfransa qatılan ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini, ölkənin cəlbedici turizm resurslarını qeyd edib, pandemiya ilə mübarizədə və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.