Accessibility links

İranın Ali Məhkəməsi Hamid Qaraoğlaninin 14 illik həbs cəzasını təsdiqləyib 


Hamid Qaraoğlani

Urmiyəli siyasi məhbus Hamid Qaraoğlaninin 14 illik həbs cəzası İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin bu haqda yayımladığı məlumata görə, ötən ilin dekabr ayında Urmiyə İnqilab Məhkəməsinin iki hakimi tərəfindən 14 il bir ay həbs cəzasına, üçüncü hakim tərəfindən isə edam cəzasına məhkum edilən Hamid Qaraoğlaninin 14 il həbs hökmü vəkilinin etirazından sonra təsdiq edilib.

14 illik həbs hökmünün bir il bir ay həbs cəzası İranın dini lideri Əli Xameneini təhqir etmək ittihamı, digər 13 il həbs cəzası isə “hərbi kurslarda iştirak etmək”, “Bəsic bazalarına hücum etmək”, “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”, “dinin müqəddəs simvollarını təhqir etmək" kimi ittihamlar səbəbilə tətbiq olununub.

HRA saytının yazdığına görə, iki fərqli ittihamdan suçlanan və iki cəza hökmünə məruz qalan siyasi fəala İranın İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən, ən ağır cəza hökmü, yəni 13 il həbs cəzası tətbiq ediləcək.

Ali Məhkəmənin 41-ci şöbəsi tərəfindən təsdiq edilən 14 il həbs cəzası fevralın 16-da vəkilinə bildirilib.

Son günlər ərzində məhbusun ailəsi İran rəsmilərinin onu təhlükəsizlik cinayətlərini etiraf etməyə məcbur etdikdən sonra ağır epilepsiya xəstəliyindən müalicə olunmasına imkan vermədikləri üçün Hamid Qaraoğlaninin səhhətinin ağırlaşdığını bildirib.

Amerikanın Səsinin Fars xidmətinə müsahibə verən Haniyə Qaraoğlani iyul ayından bəri Urmiyə şəhərinin mərkəzi həbsxanasında saxlanılan 34 yaşlı qardaşı Hamidin sağlamlıq durumunun pisləşdiyini deyib.

İyun ayının 27-də Hamid Qara Oğlanlı İran hökumətinin Kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Urmiyədəki Kəşfiyyat idarəsinin həbsxanasına köçürülüb. O, bundan bir neçə müddət sonra, iyulun 16-da Urmiyənin Mərkəzi Həbsxanasına köçürülüb.

XS
SM
MD
LG