Accessibility links

İranın neft naziri: Total İrandan gedir


İranın neft naziri bildirib ki, Fransanın neft şirkəti Total ölkənin Cənub Pars ofşor təbii qaz yataqlarının istismarına dair 20 il müddətinə 5 milyard dollarlıq kontrakı ləğv etdikdən sonra İranı tərk edir. Neft naziri Bijan Zanganenin bildirdiyinə görə, şirkətin qərarı ABŞ sanksiyalarının yenidən qüvvəyə minməsi ilə əlaqədardır.

İran parlamentinin veb səhifəsində də Total şirkətinin qərarını verməsindən sonra Tehran başqa alternativlər axtardığını deyən neft nazirinin açıqlamasına istinad edilib. Bijan Zangane detalları açıqlamayıb.

Hələlik Total şirkətindən şərh verilməyib.

Bu ayın əvvəli İran Çinin dövlətə məxsus neft konsorsiumunun layihədə 80 faiz pay aldığını bildirib. CNPC əvvəlcə layihədə aksiyaların 30 faizini aldığını bildirmişdi.

Cənub Pars təbii qaz yatağının ümumi görünüşü
Cənub Pars təbii qaz yatağının ümumi görünüşü

ABŞ-ın İrana qarşı sanksiyaları Birləşmiş Ştatların may ayında İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra avqust ayında yenidən qüvvəyə minib.

ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla dünya qüdrətləri arasında Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ölkə iqtisadiyyatına böyük zərər vuran iqtisadi tədbirlərin yüngülləşdirilməsini nəzərdə tutan razılaşmaya əsasən aradan qaldırılmış sanksiyaları yenidən bərpa edib.

Sanksiyalar İranın avtomobil sektoru, qızıl və digər qiymətli metallar ticarəti, İranın milli valyutası rialı və digər maliyyə transaksiyalarını hədəf alıb.

Tramp İranı noyabrın 5-də ölkənin enerji transaksiyaları və xarici maliyyə qurumlarının İranın Mərkəzi Bankı ilə keçirdiyi əməliyyatları hədəf alan yeni sanksiyalarla təhdid edib.

XS
SM
MD
LG