Accessibility links

İranın təyyarəni vurduğunu etiraf etməsindən sonra etiraz nümayişləri genişlənir


İran qəzetlərinin 12 yanvar başlıqları: "Milli matəm", "Üzr istəyin, istefa verin", "Bağışlanılmaz", "Böyük fəlakət"

İranda rəsmilərin Ukrayna təyyarəsinin səhvən vurulduğunu etiraf etməsindən sonra etirazlar bu gün də davam edib. Paytaxt Tehranın küçələrində iğtişaş polisinin üzvləri yerləşdirilib.

Şənbə günü ölkənin bir sıra şəhərlərində keçirilmiş nümayişlərdə etirazçılar İran rəsmilərinin 176 nəfərin ölümülə nəticələnmiş qəza ilə bağlı yalan söylədiklərinə görə qəzəblərini ifadə edib.

Tehranda universitetlərin qarşısında toplaşmış etirazçılar Ali dini rəhbər Ayətullah Əli Xameneyinin istefasına çağırıb və “Rədd olsun yalançılar”, “Diktatora ölüm” şüarları səsləndiriblər.

Etirazlar ilk olaraq Tehranın Əmir Kəbir və Şərif universitetlərində tələbələrin aksiyaları ilə başlasa da, axşam saatlarında İranın başqa şəhərlərinə də yayılıb.

Tehranda etirazlar
Tehranda etirazlar

Amerikanın Səsinin Fars xidməti etiraz nümayişlərinin ölkənin üçüncü böyük şəhəri İsfahan da daxil olmaqla, İranın digər şəhərlərinə də yayıldığı haqda xəbər verib.

ABŞ prezidenti Donald Tramp Twitter səhifəsində dinc nümayişçilərin qətliamına imkan verilməməsi ilə bağlı xəbərdarlıq edib.

“İranın liderlərinə - Etirazçıları öldürməyin. Minlərlə insan artıq sizin tərəfinizdən öldürülüb, ya da həbs edilib. Dünya izləyir. Bundan daha mühümü, ABŞ izləyir. İnterneti geri qaytarın və müxbirlərin azad hərəkətinə imkan verin! Böyük İran xalqınızı öldürməyi dayandırın” - deyə, ABŞ lideri yazıb.

Şənbə günü nümayişlər İranda noyabr ayında benzinin qiymətinin qaldırılması ilə əlaqədar hökumət əleyhinə kütləvi etirazların yatırılmasından iki ay sonraya təsadüf edir. İran etiraz aksiyalarının yatırılması nəticəsində ölənlərin sayını açıqlamaqdan imtina edib. Lakin Amnesty International beynəlxalq təşkilatı 300-dən çox insanın öldürüldüyünü bildirib.

Şənbə günü İranın İnqilab Keşikçiləri Korpusu bu həftənin əvvəli Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

İnqilab Keşikçiləri Korpusunun komandiri Əmir Əli Hacızadə şənbə günü dövlət televiziyasında “Mən bütün məsuliyyəti öz üzərimə götürürəm və verilən hər hansı qərara tabe olacam” deyib.

Tehranda etiraz nümayişləri, 11 yanvar, 2020.
Tehranda etiraz nümayişləri, 11 yanvar, 2020.

Ukrayna hava yollarına məxsus Boeing 737 təyyarəsi İranın elitar Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin ABŞ-ın dron hücumu nəticəsində öldürülməsinə cavab olaraq, İranın İraqda Amerika əsgərlərinin qərargahlandığı hərbi hava bazasına raket zərbələri endirməsindən bir neçə saat sonra vurulub.

New York Times qəzetində dərc edilmiş məqalədə bildirilir ki, İran rəsmiləri Ukrayna təyyarəsinin qəzasının səbəbləri haqda həqiqəti yalnız uçuşla bağlı məlum dəlillərin iranlıların yalan söyləməyə davam etməsinə imkan verməcəyi aydın olduqdan sonra deməyə məcbur olublar.

Ukrayna rəsmisi New York Times qəzetinə ölkənin ekspertlərinin “İranın qalıqları sənədləşdirməkdənsə, qalaq şəklində toplayaraq, təhqiqatı çətinləşdirmək səylərinə baxmayaraq”, qəza yerində informasiya topladıqlarını bildirib.

Təyyarə qəzası ilə bağlı təhqiqata rəhbərlik edən Ukrayna rəsmisi Oleksiy Danilov New York Times qəzetinə deyib ki, “Ukrayna təhqiqatçıları təyyarənin kabinasının yuxarı hissəsinin göründüyü kimi raket başlığının qəlpəsi ilə vurulan fraqmentlərini tapdıqdan sonra” iranlılar artıq bundan sonra qəzanın səbəbləri haqda yalan danışmağa davam edə bilməzdilər.

XS
SM
MD
LG