Accessibility links

İran 20 faiz zənginləşdirilmiş uran ehtiyatının gözlənildiyindən daha çox olduğunu iddia edir


İranın nüvə proqramının başçısı bildirib ki, Tehranda BMT-nin nüvə müfəttişlərinin ötən ay bildirdiyindən daha çox zənginləşdirilmiş uran var.

Oktyabrın 9-da İranın dövlət televiziyasında çıxış edən Məhəmməd İslami deyib ki, İranda 120 kiloqram 20 faiz zənginləşdirilmiş uran var.

Beynəlxalq Atom Enerjisi Agentliyi sentyabrda İranın uran ehtiyatının 84.3 kiloqram olduğunu təxmin edirdi.

Nüvə silahı inkişaf etdirmək üçün 170 kiloqram 20 faiz zənginləşdirilmiş uran lazımdır. Lakin bir çox nüvə silahları üçün 90 faizdən çox zənginləşdirilmiş urandan istifadə olunur.

İranla beynəlxalq ictimaiyyət arasında 2015-ci ildə əldə olunan razılığa əsasən, Tehranın uranı 3.67 faizdən çox zənginləşdirməsi qadağan olunmuşdu. Bunun müqabilində isə digər ölkələr İranı araşdırma rekatoru üçün 20 faiz zənginləşdirilmiş uranla təmin etməyə razılaşmışdılar.

“Amma baş vermədi. Əgər biz onu özümüz istehsal etməsək, problem yaranardı,” İslami deyib.

Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan nüvə razılığına əsasən, İrana qarşı tətbiq olunan sanksiyalar nüvə proqramına məhdudiyyətlər tətbiq etməsi müqabilində yumşaldılacaqdı.

Birləşmiş Ştatlar 2018-ci ildə razılıqdan birtərəfli qaydada geri çəkildi və sanksiyaları bərpa etdi. ABŞ buna səbəb olaraq nüvə razılığının İranın balistik raket proqramı və ya Tehranın Yaxın Şərqdə terrorçu qruoplara dəstəyi məsələsini əhatə etmədiyini göstərib.

ABŞ Prezidenti Co Bayden deyib ki, o, nüvə razılığına geri dönmək fikrinə açıqdır, lakin İranla danışıqlar açıq nəticələrə gətirib çıxarmayıb.

XS
SM
MD
LG