Accessibility links

İran ABŞ-ın Johnson & Johnson koronavirus peyvəndinin istifadəsini təsdiqləyib


Tehrandakı rəsmilər ABŞ-ın əczaçılıq nəhəngi Johnson & Johnson tərəfindən istehsal olunan koronavirus peyvəndinin istifadəsini təsdiqləyib. İran hazırda COVID-19-a yoluxmaların beşinci dalğası ilə üz-üzədir.

"Bir dozalı Johnson & Johnson koronavirus peyvəndi təsdiqləndi", deyə İranın Qida və Dərman İdarəsinin rəhbəri Məhəmməd Rza Şanehsaz 16 sentyabr tarxində bildirib.

O, həmçinin əlavə edib ki, Rusiyada istehsal olunan tək dozalı Sputnik Light peyvəndi də ölkədə istifadə üçün təsdiqlənib.

Bu qərar İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xameneyinin səkkiz ay əvvəl Britaniya və ABŞ istehsalı peyvəndlərin "etibarsız olduğunu" deyərək qadağan etməsindən 8 ay sonra verilib.

Lakin İran prezidenti İbrahim Rəisi avqust ayında vəzifəyə başladığı zaman pandemiya ilə mübarizəyə üstünlük verəcəyinə söz verib.

İran bundan əvvəl COVIran Barakat peyvəndi ilə yanaşı, Rusiyanın Sputnik V, Hindistanın Covaxin, eləcə də Britaniyaya məxsus Oxford/AstraZeneca peyvəndinin Rusiya və Cənubi Koreya tərəfindən istehsal olunan versiyasını istifadə edirdi.

İranın Səhiyyə Nazirliyi 83 milyon əhalinin təxminən 13 milyonunun peyvəndlərin bütün dozalarını vurdurduğunu bildirir.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, pandemiya başlayandan bəri İranda 5 milyon 378 min nəfər virusa yoluxub. Həyatını itirənlərin sayı isə 116 min 72 nəfərdir. Bu səbəbdən dolayı İran Yaxın Şərqdə virusun ən ağır təsirinə məruz qalan ölkə hesab edilir. Təkcə son 28 gündə ölkədə virus səbəbindən 16 min ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG