Accessibility links

İran Azərbaycanında narkomaniya problemi - ekspertlər rəylərini bölüşür


Ərdəbil vilayətinin narkotik maddə ilə mübarizə üzrə koordinasiya şurasının baş katibi ötən il ərzində bu vilayətdə 48 nəfərin narkotik maddə istismarı əsnasında həyatlarını itirdiyini bildirib. Ölənlərdən biri qadındır.

İSNA xəbər agentliyinin məlumatına əsasən, Behnam Beheşti bildirib ki, Ərdəbil vilayətində 330 qadın narkoman asılılıqdan qurtarmaq üçün müraciət ediblər, bunlardan 295-i poliklinika mərkəzlərinə, 3-ü isə qonşu Şərqi Azərbaycan vilayətinin reabilitasiya mərkəzinə göndərilib.

Beheşti bundan öncə Ərdəbil vilayətində narkotik maddə istifadəsinin gənclər və yeniyetmələr arasında sürətlə yayıldığı haqda məlumat verərək ailələrə və məktəblərə ciddi şəkildə xəbərdarlıq vermişdi.

Sevil Süleymani
Sevil Süleymani

ABŞ-da yerləşən San Diego Universitetində qadın tədqiqatları üzrə təhsil almış güneyli qadın haqları fəalı Sevil Süleymani İran Azərbaycanında narkotik maddə istifadəçilərinin çoxalmasının əsas səbəbini əyləncənin qadağan olunmasında görür. Süleymaninin fikrincə narkotik maddələrdən istifadənin başlanmasında stress böyük rol oynayır.

"Son zamanlarda iqtisadi vəziyyətin gərginləşməsi stress və əsəbləşmə kimi ruhi vəziyyətlərin daha da yayılmasına yardım edib," o deyir.

Süleymani İran Azərbaycanında narkotik maddədən istifadə edənlər arasında qadınların artmasından təlaşını ifadə edir.

"Qadınların ictimai həyatda daha da fəal iştirak etmələri, onların da narkotik maddələrdən istifadəsinə səbəb olub... Bəzən də qadınların bir sırası həyat yoldaşlarının vasitəsi ilə bu yola çəkilirlər. Belə ki xanımları etiraz etməsinlər deyə narkoman kişilər həyat yoldaşlarını da həmən maddələrə ilişdirirlər," Sevil Süleymani izah edir.

Tasnim xəbər agentliyinin məlumatına əsasən, Ərdəbil baş prokuror müavini iyunun 23-də vilayətdə cinayətlərin 70 faizinin narkotik maddələr təsiri altında baş tutduğunu bildirmişdi. O, həmçinin boşanma, yoxsulluq və avtomobil qəzalarının səbəbini toplumda narkotik maddələrdən geniş şəkildə istifadə olunmasından qaynaqlandığını güman edir.

Keçən il narkotik maddə istismarından dolayı Ərdəbil vilayətində həyatın itirən 48 nəfərdən birinin qadın olduğu bildirilir.

Nağı Mahmudi
Nağı Mahmudi

Məsələni Amerikanın Səsinə şərh edən hüquqşünas Nağı Mahmudi deyir:

"Əslində hər bir asılılıq - istər alkohollu içkilərə olsun, yaxud narkotik maddələr - insanın fərdi və sosial həyatında mənfi rol oynaya bilər.”

“Sübhəsiz ki belə bir bağımlılıqlar ailə həyatına daha çox mənfi təsir göstərər. Eyni halda , bir çox cinayətlərin işləməsinə də əsas səbəb ola bilər,” o, əlavə edir.

Hüquqşünas hesab edir ki, çox sayda insanların narkotik maddələrə üz tutmasının məsuliyyəti həm də hökumətin yürütdüyü sosial siyasətin üzərinə düşür.

“Bir hakimiyyətin hansı səviyyədə insanları tərbiyə etməsi və dəyər toplusunun formalaşması, bu məsələ də ən önəmli faktorlardan biri sayılır. Beləliklə də, hakimiyyət bir çox yerlərdə pis vərdişləri qınamaq əvəzinə özünü qınamalıdır ki, vətəndaşlar üçün insani keyfiyyətləri yüksəldən bir toplum yaratmaqda aciz qalıb,” o, fikrini ifadə edir.

XS
SM
MD
LG