Accessibility links

İran Azərbaycanında pandemiya ilə bağlı son durum


İranda COVİD-19 xəstəliyi ilə bağlı yayılan son statistikalara görə, İran Azərbaycanının bir çox şəhərində vəziyyət hələ də qırmızı səviyyə həddində göstərilir.

İranın Səhiyyə Nazirliyinin Mask adlı mobil telefon tətbiqindən açıqladığı son statistikaya əsasən, Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz, Məlikkəndi (Məlikan), Qərbi Azərbaycan vilayətində isə Urmiyə, Üşnov (Üşnəviyə), Bukan, Tikan Təpə (Tekab), Xoy, Sərdəşt, Sayınqala (Şahindej), Mahabad, Qoşaçay (Miyandab) və Sulduz (Nəğədə) şəhərləri qırmızı səviyyədədir.

İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayəti İranda qırmızı həddə və riskli vəziyyətdə olan 5 vilayətdən biridir. Şərqi Azərbaycan vilayətində bu həddə olan şəhərlərin sayı 6-dan ikiyə azalsa da Təbriz ilə Məlikkəndi (Məlikan) bu vilayətin 21 şəhəri arasında hələ də qırmızı vəziyyətdədir.

Hal-hazırda COVİD-19 xəstəliyinə yoluxan təxminən 1700 nəfər Şərqi Azərbaycan vilayətinin xəstəxanalarındadır.

İran Azərbaycanın Ərdəbil vilayətində COVİD-19 xəstəliyi ilə bağlı durum Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə müqayisədə daha yaxşıdır. Ərdəbil vilayətində koronavirus səbəbindən xəstəxanaya yerləşdirmə və ölüm sayında azalma tendasiyası davam edir. Dünən gecəyə olan məlumata əsasən, vilayətdə 33 nəfər COVİD-19 xəstəliyinə yoluxub və 5 nəfər həyatını itirib.

Hazırda Zəncan vilayətində koronavirusa yoluxan 396 nəfər xəstəxanalarda müalicə olur. Son sutkada vilayətdə 532 vətəndaşın koronavirus testi müsbət çıxıb və onlardan 31 nəfər müalicə üçün xəstəxanalara yerləşdirilib. Bu məlumatı Zəncan vilayətinin Tibb Elmlər Universitetinin rektoru Pərviz Qızılbaş mətbuata bildirib.

İranın Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumata görə, son gün ərzində İranda 15294 nəfər COVİD-19 xəstəliyinə yoluxub və bu müddətdə 284 nəfər bu xəstəlik üzündən həyatını itirib.

Son statistikalara görə, hazırda İranda 29 şəhər qırmızı, 224 şəhər narıncı, 165 şəhər sarı və 30 şəhər mavi həddədir.

Son həftələrdə ölkəyə vaksin idxalının sürətlənməsi və vaksinasiyanın irəliləməsi ilə İranın istehsal etdiyi Bərəkət adlı vaksinin də vətəndaşlara tətbiq edildiyi bildirilir. Bu peyvəndin hökumət tərəfindən istifadəsinə icazə verilməsinə baxmayaraq, onun təhlükəsizliyi və effektivliyinin nəticələri heç bir etibarlı elmi jurnalda dərc edilməmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG