Accessibility links

İran Azərbaycanında pandemiya itkiləri rekord həddə çatıb


İran Azərbaycanı vilayətlərinin rəsmilərinin açıqladığı məlumata əsasən, bütün ölkə ilə birgə bu vilayətlər pandemiya başlayandan bəri ən ağır vəziyyətdə olduğu bildirilir.

Avqustun 23-də İSNA xəbər agentliyinin yayımladığı xəbərə əsasən Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri Universitetinin direktor müavini İbrahim Həsəni vilayətdə bütün dövlət və özəl xəstəxanaların tutumunun dolduğunu bildirib. Həsəni deyib ki, hazırda ölkədə koronavirusun Delta variantının yayılması ilə davam edən pandemiyanın beşinci dalğası daha təhlükəlidir və hər gün vilayətdə yoluxanlardan 30 nəfər həyatını itirir.

Avqustun 22-də Qərbi Azərbaycan Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin rəhbəri Cavad Ağazadənin İRNA xəbər agentliyinə verdiyi açıqlamada pandemiya başlayandan bəri vilayətdə virusa yoluxanlardan 5 min 238 nəfərin vəfat etdiyini bildirib.

İRNA-nın avqustun 23-də yayımladığı başqa bir xəbərdə isə son sutkada Qərbi Azərbaycan vilayətində min 890 nəfərin virusa yoluxduğu və 34 nəfərin vəfat etdiyi bildirilib.

Şərqi Azərbaycan vilayətinin Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin rəhbəri Məhəmməd Hüseyn Somi də eyni gün verdiyi açıqlamada vilayət xəstəxanalarında 1700 virusa yoluxan vətəndaşın müalicə olunduğunu və bu rəqəmin pandemiyanın başlamasından bəri ən yüksək göstərici olduğunu bildirib.

İranda Delta variantının yayılması ilə başlayan 5-ci koronavirus dalğası, digər tərəfdən isə düzgün şəkildə vaksinasiya proqramının olmaması səbəbindən rekord sayda insanın həyatını itirdiyi müşahidə olunur.

Təbrizdə hər gün koronavirus səbəbindən vəfat edənlərin sayı ötən aya görə iki qat artıb.

Təbriz Bələdiyyəsinə bağlı qəbiristanların idarə heyətinin müdiri Fərrux Calali koronavirus səbəbindən vəfat edən vətəndaşların sayının bir ay öncəyə nəzərən iki qat artdığını bildirib. O həmçinin pandemiya başlayandan Təbriz qəbristanlıqlarında 14 min 644 nəfərin dəfn edildiyini və bunlardan 5 min 832-nin koronavirus səbəbindən vəfat etdiyini də qeyd edib.

Təbriz meri Behruz Məhdəvi Təbriz şəhərində pandemiyanın böhranlı vəziyyətinin davam etməsi səbəbilə pandemiya məhdudiyyətlərinin hələ qaldırılmayacağını bildirib.

İran İslam Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin avqustun 23-də verdiyi məlumata əsasən, son sutkada ölkə bütövündə 38 min 657 nəfər virusa yoluxub və 610 nəfər həyatını itirib. Ölkənin rəsmi statistikalarına əsasən, pandemiya başlayandan ölkədə virusa yoluxaraq həyatını itirənlərin sayı 102 min 648 nəfərə çatıb.

İranın ali ruhani lideri Seyid Əli Xameneyi avqustun 11-də televiziyada etdiyi çıxışında pandemiyanı ölkənin "birinci və təcili" mövzusu adlandırıb, "peyvəndlər, istər idxal olunsun, istərsə də yerli istehsal olsun, daha çox səy göstərilərək, mümkün olan hər şəkildə təmin edilməli və vətəndaşların istifadəsinə verilməlidir" -deyə söyləyib.

Siyasi şərhçilər İran liderinin bu sözləri ilə daha öncə yanvar ayının 8-də Amerika və Almaniyanın Pfizer/BioNTech və Britaniyanın AstraZeneca şirkətlərinin hazırladığı vaksinlərin idxalının qadağan edilməsi haqda verdiyi əmrlə ziddiyyət təşkil etdiyini irəli sürürlər.

XS
SM
MD
LG