Accessibility links

İran Azərbaycanında sarı maral nəsli tükənməkdədir


Qərbi Azərbaycan vilayətinin Ətraf Mühit Mühafizə İdarəsinin direktoru Urmiyə gölünün adalarında yaşayan sarı maralın nəslinin təhlükədə olduğunu deyib.

Tasnim xəbər agentliyinin yaydığı məlumata əsasən, Urmiyə Ətraf Mühit İdarəsinin direktoru son illərdə Əşk və Kəbudan adalarında olan 330 sarı maraldan yalnız 40-60 maralın qaldığını və bu heyvanın nəslinin kəsilməsi təhlükəsi qarşısında olduğunu söyləyib. O həmçinin bəbir, kaftar və çaqqal kimi heyvanların da nəslinin tükənmək təhlükəsində olduğu barədə xəbərdarlıq edib.

Son illər ərzində Urmiyə gölünün quruması ilə bir çox iqlim və ətraf mühit şəraitinin dəyişməsi, su və yemin azalması nəticəsində bölgədə yaşayan heyvan növlərinin ölməsi burda yaşayan heyvanların sayının azalmasına səbəb olub.

Urmiyə Ətraf Mühit Mühfizə İdarəsinin müavini Məsud Təcrişi deyib ki, Urmiyə gölünün dolması və gölün adalarının ətrafında su toplanması heyvanların bu adalardan çıxmasını əngəlləyərək onların həyatda qalmaq şəraitini yaxşılaşdıracaqdır.

Həmin gölün adalarında yaşayan maral və digər növ heyvanların adalardan çıxması və nəhayət duzluqda yemsizlik və susuzluqdan öldükləri müşahidə olunur.

Hal-hazırda nəsli kəsilmə ilə üzləşən sarı maral və ya İran lanı Huzistan, Mazandaran və Urmiya gölü adalarında yaşayır. Sarı maral Urmiyə gölü adalarının yerli heyvan növü deyil. Onlar 1986-89 illərində Mazandaran vilayətindən təhlükəsizlik baxımından daha uyğun şəraitə sahib olan bu adalara gətirilib, ancaq Urmiyə gölünün quruması bu heyvanların bir daha həyatda qalmasını çətinləşdirib.

Qırmızı kitab kimi tanınan Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin verdiyi siyahıya əsasən, İran sarı maralının "EN" kateqoriyasına daxil edilməsi bu heyvan növünün təhlükə altında olduğunu göstərir. Qərbi Azərbaycan vilayətinin Ətraf Mühit İdarəsinin rəsmiləri gölün son zamanlarda su səviyyəsinin əvvəllə müqayisəd artmasının bu heyvanların həyatda qalması və nəslinin davam etməsinə təsiri olacağına ümid edirlər.

XS
SM
MD
LG